Şəxsi brendin inkişafı üçün düzgün kontent marketinqi çox önəmlidir. Əsas məqsədiniz rəqəmsal mühitdə axtarılarkən tapılmaq, xidmətlərinizi daha geniş kütləyə çatdıra bilmək və ya sadəcə tanınmaqdırsa bunun üçün əsas işlərdən biri eksperti olduğunuz sahənizlə bağlı dəyərli kontent yaratmaqdır.

Bunu necə etmək lazımdır sualını verirsizsə oxumağa davam edin...

İlk öncə kontent istehsalında güclü və zəif cəhətlərinizi müəyyən edin. Kontentin hansı növünü istehsal etmək sizə daha rahatdır? Mətn, grafik, foto, video, audio? Əgər güclü rəqəmsal reputasiyadan danışırıqsa sadaladığım kontent növlərinin hər birini istehsal etmək bizim üçün rahat olmalıdır.

Təbii ki, yolun əvvəlində hər şey istədiyimiz kimi olmaq məcburiyyətində deyil. Birimiz fikirlərimizi mətnlə rahat ifadə edirik amma video kamera qarşısında çaşıb qalırıq, digərimiz üçün radioda danışmaq və ya fotosessiyalarda poz vermək rahatdır amma canlı yayın efirində həyacanlanırıq.

İstənilən halda şəxsi brendinq zamanı davamlı olaraq kontent istehsalında iştirak etməklə biz bu bacarıqlarımızı getdikcə inkişaf etdirə, gücləndirə bilirik. Uğurlu nəticə üçün davamlı olaraq məşq etməliyik. Bir kiçik bloq yazısına 3 gün sərf edin, video kontentə uyğunlaşmaq üçün tək ortamlarda telefonunuzun kamerasını açıb saatlarla danışın, özünüzə baxın, silin, pozun yenidən çəkin. Paylaşmaqdan və auditoriyanızın fikirlərini, tənqidlərini qəbul etməkdən çəkinməyin. Ən əsas prosesdən zövq alın.

“INPRESS PR Solutions” şirkətinin təsisçisi və CEO-su