Son zamanlar İran ilə İsrail arasında artan gərginlik və bölgədə cərəyan edən yeni geosiyasi proseslər gündəmin əsas müzakirə mövzularından biridir. Azərbaycanın şimal qonşuluğunda Rusiyanın Ukrayna ilə, cənub qonşuluğunda isə İranın İsraillə aralarında baş verən hərbi toqquşmalar bölgədəki digər ölkələrin təhlükəsizlik tədbirlərini gücləndirmələrinə əsas verir. Pandemiyadan sonra bəzi dairələr tərəfindən ictimai narazılıq predmeti kimi təqdim edilməsinə cəhdlər göstərilsə də, dövlətimizin illər öncə quru sərhədlərin bağlı qalması ilə bağlı qərarının arxasında bu gün əsaslı və uzaqgörən siyasətin dayandığı gün kimi aydın olur.

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, yeddinci çağırış Milli Məclisin ilk iclasındakı tarixi çıxışında Prezident İlham Əliyev Azərbaycana münasibətdə real və potensial təhdidlərdən bəhs edərək bəyan etmişdi ki, müəyyən narahatlıqlar yaranmasına baxmayaraq Azərbaycanın quru sərhədlərinin bağlı saxlanılması bizi bir çox fəlakətlərdən xilas edib:

"Cənab Prezident haqlı olaraq məsələnin həssaslığı ilə əlaqədar bu barədə çox danışmağın yersiz və zərərli olacağını bəyan etmişdi və ötən dövrün təcrübəsi də göstərir ki, Cənab Prezident, həqiqətən də, nəyi, nə zaman, necə edəcəyini hər kəsdən yaxşı bilir. Məhz onun müəyyən etdiyi yol xəritəsi sayəsində bu gün şimalda, cənubda birbaşa sərhədə malik olduğumuz qonşularımızda, nüvə dövlətlərinin qarışdığı müharibənin yaşandığı bir təqdirdə Azərbaycan təhlükəsizlik adası kimi çıxış edir".

Deputat qeyd edib ki, Azərbaycan özünün milli mənafelərini, maraqlarını və milli təhlükəsizliyini tam mənada təmin edən beynəlxalq subyekt kimi qürurla ayaqda dayanıb: "Zaman-zaman ölkə daxilində ayrı-ayrı dairələr, xüsusən antimilli ünsürlər xaricdən aldıqları tezislər əsasında quru sərhədlərin bağlı saxlanılmasını insan haqları və digər amillərlə əlaqələndirərək quru sərhədlərin açılmasını tələb edirdilər, bununla bağlı hətta Nazirlər Kabinetinin qarşısında aksiyalara cəhd edirdilər. Amma bu gün yaşananlar göstərir ki, bu insanlar nə qədər dayaz düşüncədə olub və onlar üçün xaricdən aldığı tezislər ölkənin milli maraqlarından çox daha öndə olub. Lakin Azərbaycan artıq meydanlarda ayrı-ayrı qruplaşmalar tərəfindən idarə olunan dövlət deyil. Azərbaycanda vahid idarəçilik, ciddi siyasi iradə, qətiyyət mövcuddur və bu qətiyyət bu gün bizi şimalda, cənubda çoxsaylı münaqişələr fonunda, sözün əsl mənasında, təhlükəsizlik adasına çevirmək üçün yetərlidir və Azərbaycan xalqı bu reallığı başa düşür, Azərbaycan xalqı məhz bu siyasi iradənin gücünə, imkanlarına və siyasi iradənin müəyyən etdiyi yol xəritəsinə güvənir".

Milli Məclisin deputatı Sevinc Hüseynova isə İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, bu gün regionda baş verən proseslər quru sərhədlərimizin bağlı qalması ilə bağlı verilmiş qərarın ölkəmizin təhlükəsizliyinin təmin edilməsi baxımından doğru addım olduğunu göstərir: "Cənab Prezident İlham Əliyev hər zaman ölkəmizin milli və dövlətçilik maraqlarını ön planda tutub. Quru sərhədlərin bağlı qalması da ölkəmizin maraqlarının qorunması baxımından vacib əhəmiyyət daşıyır. Son günlərdə İran və İsrail arasında artan münaqişə, pilotsuz uçuş aparatları və raket hücumları kimi hərbi toqquşmaların genişlənməsi, bölgədəki təhlükəsizlik mühitini daha da mürəkkəbləşdirib. Belə bir şəraitdə Azərbaycanın quru sərhədlərini açması, ölkəni potensial təhdidlərə və qeyri-sabitlik dalğalarına məruz qoya bilərdi".

Deputat xatırladıb ki, Azərbaycan həm coğrafi, həm də siyasi baxımdan strateji bir bölgədə yerləşir: "Bu səbəbdən qonşu ölkələrdə və regionda baş verən istənilən gərginlik, bilavasitə ölkənin daxili sabitliyinə təsir göstərə bilər. Quru sərhədlərin nəzarət altında saxlanması, qeyri-qanuni miqrasiyanın və mümkün terror təhdidlərinin qarşısının alınmasında mühüm rol oynayır. Bu gün baş verən proseslər Azərbaycanın quru sərhədlərini bağlı saxlamaq qərarının nə qədər uzaqgörən və əsaslı olduğunu bir daha nümayiş etdirir".

Milli Məclisin deputatı Afət Həsənova isə İqtisadiyyat.az-a vurğulayıb ki, Azərbaycan dövləti üçün vətəndaşların təhlükəsizliyi və ölkənin sabitliyi hər zaman əsas prioritetlərdən biri olub. Onun sözlərinə görə, bu gün regionda baş verən proseslər ölkəmizin təhlükəsizlik strategiyasının nə qədər doğru olduğunu bir daha göstərir.

Deputat bildirib ki, quru sərhədlərimizin bağlı qalması bu prioritetin praktik təzahürüdür: "Azərbaycan bir neçə ildir ki, quru sərhədlərini bağlı saxlayır. Bu qərar pandemiya dövründə tətbiq olunsa da, son proseslər göstərdi ki, bu addım təkcə sağlamlıq səbəbləri ilə deyil, eyni zamanda milli təhlükəsizliyin təmin olunması üçün atılıb. Bu baxımdan quru sərhədlərimizin bir neçə ildir ki, bağlı saxlanılmasının doğru addım olduğu özünü bir daha aydın şəkildə göstərdi. Prezident İlham Əliyev çıxışlarının birində vurğulamışdı ki, quru sərhədlərin bağlı saxlanması Azərbaycan ərazisində təhlükəsizliyi təmin etmək üçün yeganə düzgün addımdır. Bu bəyanat regionda artan geosiyasi gərginliklər, xüsusilə də Yaxın Şərqdə – İran və İsrail arasında baş verən münaqişə fonunda daha da aktuallaşır".

Deputat qeyd edib ki, son günlərdə İran və İsrail arasında artan münaqişə, pilotsuz uçuş aparatları və raket hücumları kimi hərbi toqquşmaların genişlənməsi, bölgədəki təhlükəsizlik mühitini daha da mürəkkəbləşdirib: “Belə bir şəraitdə Azərbaycanın sərhədlərini nəzarətsiz şəkildə açması ölkəni potensial təhdidlərə və qeyri-sabitlik dalğalarına məruz qoya bilərdi. Azərbaycan həm coğrafi, həm də siyasi baxımdan strateji bir bölgədə yerləşir. Bu səbəbdən qonşu ölkələrdə və regionda baş verən istənilən gərginlik, bilavasitə ölkənin daxili sabitliyinə təsir göstərə bilər. Quru sərhədlərin nəzarət altında saxlanması, qeyri-qanuni miqrasiyanın və mümkün terror təhdidlərinin qarşısının alınmasında mühüm rol oynayır. Azərbaycanın təhlükəsizlik strategiyası regional reallıqlara uyğun olaraq çevik və praqmatik şəkildə formalaşdırılır. Quru sərhədlərin bağlı qalması bu strategiyanın mühüm tərkib hissəsidir və bu günkü hadisələr göstərir ki, bu qərar tamamilə doğrudur".

 

İsmayıl Bakuvi

Qeyd: material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” istiqaməti üzrə hazırlanıb.