“Strateji münasibətlərimizin son illər daha da inkişaf etdiyi Serbiya ilə ticarət dövriyyəmiz son 4 ildə 2 dəfəyə yaxın artaraq 9.2 milyon dollara yüksəlib.”

Bu fikirləri noyabrın 23-də Prezident İlham Əliyevin Serbiya səfərini şərh edən millət vəkili Vüqar Bayramov bildirib.

“Serbiya tərəfinin Azərbaycan Prezidentinin səfərinə xüsusi önəm nümayiş etdirməsini xüsusi qeyd etmək lazımdır. Dövlət başçısı Serbiya Prezidenti Aleksandar Vuçiçin şəxsən qarşılaması və yola salması da məhz bu diqqətin xüsusi nümunəsi kimi xarakterizə olunmalıdır. Azərbaycan ilə Serbiya arasında iqtisadi əlaqələrin yalnız enerji deyil, eyni zamanda qeyri-neft sektoru üzrə inkişaf etməsi potensialı kifayət qədər böyükdür. Bu baxımdan, səfər zamanı keçirilən görüşlər, müzakirələr və razılaşmalar da məhz bu potensialdan daha yaxından istifadəyə imkan yaradacaq. Bu baxımdan, Azərbaycan Prezidentinin son səfəri iki ölkə arasındakı iqtisadi əlaqələrin daha da dərinləşməsinə xidmət edəcək.”

Serbiya ilə Azərbaycan arasında mavi qaz nəqli sahəsində də əməkdaşlığın inkişafına toxunan iqtisadçı Yunanıstan-Bolqarıstan İnternkonnektorunun istifadəsindən sonra Serbiyanın Azərbaycan qazının genişlənən idxal imkanlarından danışıb:

“Azərbaycan Prezidentinin siyasi iradəsi nəticəsində reallaşması mümkün olan Cənubi Qaz Dəhlizinin yeni elementinə çevrilən  Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorundan (IGB) mavi qaz ala biləcək ölkələrdən biri də məhz Serbiyadır. İGB-nin ötürmə qabiliyyətinin 3,5 milyard kubmetrdən 5,5 milyard kubmetrdək artırılması isə Macarıstan, Serbiya, Slovakiya, Ruminiya, Şimalı Makedoniya kimi ölkələrin də Azərbaycan qazını almasına imkan yarada bilər.

Beləliklə, ölkəmizin Mərkəzi və Şərqi Avropanin enerji təhlükəsizliyinin formalaşmasındakı rolu daha da artmaqdadır. Bu Azərbaycanın strateji mövqeyini daha da möhkəmləndirir.”