Estoniya Şengen vizası olan Rusiya vətəndaşları üçün sərhədləri bağlamaq qərarına gəlib. 

Bu barədə Estoniya Xarici İşlər Nazirliyinin nümayəndəsi məlumat verib.

"Bir həftədən sonra Estoniya tərəfindən verilən Şengen vizalarına sanksiya tətbiq olunacaq. Rusiyadan olan viza sahiblərinə məhdudiyyətlər qoyulacaq, onların Estoniyaya girişi qadağan olunacaq", - deyə respublikanın xarici işlər naziri Urmas Reinsalu bildirib.

Sanksiyalar Estoniyadakı diplomatik nümayəndəliklərin əməkdaşlarına və onların ailə üzvlərinə təsir etməyəcək. Bundan əlavə, Avropa İttifaqının qanunlarına əsasən sərbəst hərəkət etmək hüququna malik beynəlxalq daşımalar həyata keçirən şəxslər üçün giriş bağlanmayacaq.