Azərbaycan Səhiyyə Nazirliyində beynəlxalq müstəvidə aparıcı şirkətlərdən olan Avstriyanın tibb avadanlıqları istehsalçısı “Meteka”nın rəhbəri Roland Katşniq və “Qatar Pharma”nın İdarə Heyətinin sədri Əhməd Məhəmməd əl-Hayyi əs-Suleyti ilə görüş keçirilib.

Nazirlikdən İqtisadiyyat.az-a verilən məlumata görə, görüşdə səhiyyə və əczaçılıq sahəsində əlaqələrin genişləndirilməsi, birgə layihələrin reallaşdırılması və beynəlxalq aparıcı şirkətlərin ölkəmizlə fəaliyyət istiqamətləri müzakirə olunub.

Azərbaycanda səhiyyənin inkişafı dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri olduğu, bu istiqamətdə müasir tendensiyaların və innovasiya təşəbbüslərinin davamlı tətbiqi ilə bağlı məlumat verilib. Qeyd edilib ki, hazırda Azərbaycanda digər istiqamətlərlə yanaşı, səhiyyədə də dövlət-özəl tərəfdaşlığının genişləndirilməsi və iqtisadi baxımdan sektorun inkişaf səmərəliliyinin artırılması istiqamətində ardıcıl layihələr icra olunur. Nazir qeyd edib ki, səhiyyədə innovativ nailiyyətlərin tətbiqi, yüksək texnologiyalı əczaçılıq sənayesinin qurulması və inkişafi, tibb xidməti göstərən müəssisələrin müasir standartlar əsasında yenilənməsində aparıcı şirkətlərlə qarşılıqlı əməkdaşlıq mühüm rol oynayır.

Görüşdə "Meteka" şirkətinin dünyada ilk dəfə olaraq tibbi tullantıların dezinfeksiyası üçün cihazlar hazırladığı, “Qatar Pharma”nın isə yüksəkkeyfiyyətli dərman istehsalı üzrə ixtisaslaşdığı bildirilib.

Görüşün sonunda tərəflər arasında əməkdaşlığın inkişaf etdirilməsi və maraq doğuran digər mövzular ətrafında müzakirələr aparılıb.