Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Gəncə şəhərində Mənzil İnşaatı Dövlət Agentliyinin inşa etdirdiyi yaşayış kompleksindən 80 mənzil şəhid ailələri və müharibə əlillərinə təqdim edilib.

Nazirlikdən verilən məlumata görə, mənzillərin sənədlərinin təqdim edilməsi tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli və Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov iştirak ediblər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2018-ci ildə 626 ədəd, 2019-cu ildə bundan 50 % çox olmaqla 934 ədəd, 2020-ci ildə əvvəlki ilə nisbətən 70 % çox, yəni 1 572 mənzil fərdi ev şəhid ailələrinə və müharibə əlillərinə verilib. Dövlət başçısının 25 yanvar 2021-ci il tarixli Sərəncamla 2021-2025-ci illərdə daha 11 min mənzil və fərdi evin şəhid ailələrinə və müharibə əlillərinə təqdim edilməsi nəzərdə tutulub.

V.Nəsirli 2021-ci ildə mənzillə təminat proqramının üç il əvvələ nisbətən beş dəfə genişləndiyini qeyd edib. O bildirilib ki, Gəncə şəhərində verilən 80 mənzil də daxil olmaqla indiyədək 12 100-dən çox şəhid ailəsi və müharibə əlilinə nazirlik tərəfindən mənzil və fərdi ev təqdim edilib.

Postmüharibə dövrü üzrə sosial dəstək tədbirlərini qeyd edən V.Nəsirli artıq şəhid ailələri üzvləri, müharibə iştirakçıları, erməni terrorundan zərər çəkən şəxslərdən ibarət olmaqla artıq 41 min şəxsə 47 min xidmət göstərilib.

Mənzillərlə təmin edilən vətəndaşlar daim sosial dəstəklə əhatə olunduqlarını vurğulayıblar. Onlar mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına, bu gün müasir tələblərə uyğun yaşayış şəraitinin yaradıldığı yeni mənzillərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.