Bu ilin əvvəlindən İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu (SİF) 1 589 investisiya layihəsinin maliyyələşdirilməsinə 65,7 milyon manat güzəştli kredit verib.

Kreditlərin say olaraq 96,3%-i kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, 2,5%-i sənaye məhsullarının istehsalı və emalı, 0,4 %-i turizm, 0,8%-i isə digər (xidmət, tibb və s.) sahələrin inkişafına yönəldilib.

Kreditlərin məbləğ üzrə isə 71%-i kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, 14,8%-i sənaye məhsullarının istehsalı və emalı, 2%-i turizm, 12,2%-i isə digər (xidmət, tibb və s.) sahələrin payına düşüb.

Xatırladaq ki, SİF ölkə prezidentinin “Sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” 31 iyul 2018-ci il tarixli fərmanı ilə, İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun bazasında yaradılıb. Onun nizamnamə kapitalı 1 007,307 milyon manatdır.