“Proqram üç istiqamətdədir. Birincisi, 44 min sahibkar subyektində çalışan 300 mindən çox işçi, 290 min fərdi sahibkar subyektini də bura əlavə etsək, üst-üstə 600 min insan bu birbaşa pul yardımla (əmək haqqının böyük hissəsini) təmin ediləcək”.

Fins.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi Siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, deputat Tahir Mirkişili deyib.

Mirkişili bildirir ki, bu qısa zamanda insanlara çox böyük bir yardım etməsi deməkdir: “Orta müddətdə götürsək, bildiyimiz kimi sahibkarların banklardan götürdüyü (10 marta qədər) biznes kreditlər var. Həmin kreditlərin 10%-i dövlət tərəfindən ödəniləcəkdir. O zaman sahibkar 10-12% ilə bu krediti götürübsə, onda bu sahibkarlar üçün 10%-in dövlət tərəfindən ödənilməsi çox böyük bir dəstək olması deməkdir”. Deputat üçüncü istiqamət isə indidən götürülən kreditlərdə girov zəmanətinin 60%-nin dövlət tərəfindən təmin edilməsi, həm də, 3 illik kreditlərin 50%-ni dövlət tərəfindən ödəniləcək: “Bu yardımlar isə bütövlükdə 1,5 mlrd. manatdan çox olması deməkdir. Nəzərə alsaq ki, cənab Prezidentin fərmanı ilə 1 mlrd. manat əlavə vəsait ayrılmışdır. Bu toplam olaraq 2,5 mlrd. Manatın dəstək üçün dövlət tərəfindən ayrılması deməkdir. Bu kifayət qədər böyük rəqəmdir”.