“Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2017-ci il tarixli “Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” Fərmanına əsasən şəbəkəyə qoşulma müddəti 20 günə, prosedurların sayı isə ikiyə endirilib. Həmin fərmanın 1.11-ci bəndinin icrası ilə əlaqədar olaraq qoşulma haqqı Nazirlər Kabinetinin 27 aprel 2018-ci il 180 nömrəli qərarı ilə müəyyən olunur”.

Bu barədə Quba “ASAN Xidmət” mərkəzində keçirilən brifinqdə “Azərişıq” ASC-nin “ASAN Xidmət”lə İş və Elektron İdarəetmə Departamentinin direktor müavini İsa İsazadə məlumat verib.

İ.İsazadə bildirib ki, sahibkarların şəbəkəyə qoşulması sadələşdirilib:

“Sahibkar reyestr və qeydiyyat nömrəsini təqdim etməklə 150 kvt-a qədər mövcud və ya inşa ediləcək tikinti obyektini E-GOV (elektron hökümət portalı), www.e-service.azerishiq.az saytından, “ASAN Xidmət” və ya “ASAN Kommunal” mərkəzlərində quraşdırılmış özünəxidmət pəncərələrindən istifadə edərək enerji təchizatı şəbəkəsinə qoşulmaq üçün onlayn qaydada müraciət edə bilər. Reyestr və qeydiyyat nömrələri sistemə daxil edilən kimi dərhal obyektin koordinatları ilə obyektə ən yaxın transformator məntəqəsi avtomatik müəyyənləşir. Bununla da sahibkar tələb olunan gücü müəyyənləşdirib, qoşulma haqqını hesablayır və onlayn qaydada ödəyir. Nəticədə müraciət avtomatik icraata yönləndirilir və 20 gündən gec olmayaraq sahibkar elektrik enerjisi ilə təmin olunur. Sahibkar müraciətinin hansı mərhələdə olduğu məlumatını www.e-service.azerishiq.az vasitəsi ilə əldə edə bilər. Enerji təchizatı şəbəkəsinə qoşulma işləri yerinə yetirildikdən sonra SMS xidməti vasitəsi ilə sahibkara müvafiq sənədlər toplusu elektron qaydada göndərilir.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin ölkəmizdə innovativ inkişaf sahəsində effektivliyin artırılması və koordinasiyanın təmin edilməsi ilə bağlı göstərişinə əsasən “Azərişıq” ASC-nin Elektron Müraciətlərin İdarə Olunması Sisteminin (EMİOS) “Elektron hökumət” portalı üzərində bir çox dövlət qurumlarının elektron sistemlərinə inteqrasiya edilməsi sahibkarların onlayn qaydada, olduğu məkanı tərk etmədən  bir neçə dəqiqə ərzində müraciət etməsinə şərait yaratmışdır. Bakı və regional “ASAN Xidmət” mərkəzlərində, əhalinin intensiv olduğu mərkəzi küçə və prospektlərdə məlumat xarakterli lövhələr, billboardlar yerləşdirilmiş, sosial informasiya vasitələrində infoqraflar və KİV-lərdə videoçarxlar yayımlanmışdır. Həmçinin aylıq sərfiyyatın ödənilməsi üçün təqdim edilən bildirişlərdə onlayn qaydada enerji təchizatı şəbəkəsinə qoşulma haqqında məlumat qeyd edilməyə başlayıb. Aparılan islahatlar nəticəsində keçən ilin ilk 5 ayı ilə müqayisədə bu ilin müvafiq dövrü ərzində sahibkarların onlayn müraciətlərinin sayında təxminən 15 dəfə artım olub.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Ağıllı şəhər və Ağıllı kənd” Konsepsiyası ilə bağlı göstərişinə uyğun olaraq ölkəmizdə, o cümlədən işğaldan azad olunmuş ərazilərimizdə “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin “Ağıllı Şəbəkələr” layihəsi tətbiq edilir”.