Ermənistan Üçtərəfli Bəyanatın müddəalarını kobud şəkildə pozaraq, hələ də öz qoşunlarını Azərbaycan ərazilərindən çıxarmayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə işgüzar səfəri çərçivəsində aprelin 13-də bu ölkənin Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşdə bildirib.

Sahibə Qafarova Ermənistan tərəfinin Laçın yolundan hərbi məqsədlər və qeyri-qanuni istismar etdiyi təbii sərvətlərimizin daşınması üçün istifadə etdiyini vurğulayıb.

“Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrinin Laçın yolunda dinc aksiyası Ermənistanın bu qeyri-qanuni əməllərinə etiraz olaraq keçirilir. Lakin Ermənistan, guya Laçın yolunun bağlanmasına dair yalan iddialarla beynəlxalq ictimaiyyəti aldatmağa çalışır. Ermənistan Avropa İttifaqının missiyasının bu ölkədə olmasından istifadə edərək, vəziyyəti gərginləşdirən addımlar atır və hərbi təxribatlara yol verir”, - o deyib.