“Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları istismara veriləndən 01 may 2024-cü il tarixinədək burada 439 milyard kubmetr qaz hasil olunub.

Energetika Nazirliyindən İqtisadiyyat.az-a verilən məlumata görə, hesabat dövründə AÇG-dən 220,7 milyard kubmetr, “Şahdəniz”dən isə 218,3 milyard kubmetr qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın təxminən 155,2 milyard kubmetri ixraca nəql edilib.

Məlumata əsasən, 2024-cü ilin yanvar - aprel ayları üzrə operativ məlumatlara əsasən, 4 ay ərzində respublikada 16,7 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 4,4 milyard kubmetri AÇG, 9,2 milyard kubmetri “Şahdəniz”, 0,5 milyard kubmetri “Abşeron”, 2,6 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 0,5 milyard kubmetr artımla qaz hasil edilib.

“4 ay ərzində xaricə qaz satışı 8,5 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7 faiz çoxdur. Avropaya 4,2 milyard kubmetr, Türkiyəyə 3,2 milyard kubmetr, Gürcüstana isə 1,1 milyard kubmetr qaz satılıb. Türkiyəyə TANAP-la bu müddətdə 1,8 milyard kubmetr qaz nəql olunub”, - məlumatda qeyd olunur.