Son vaxtlar ölüm sayının minimuma enməsi, bəzi günlər COVİD-dən ölənlərin olmaması və virusa yoluxanların da sayının xeyli dərəcədə azalması bəzi yumşalmaları zəruri etdi. Yumşalmaların davamı olaraq, Nazirlər Kabineti yanında Operativ Qərargah 2021-ci il iyulun 1-dən müəyyən şərtlər nəzərə alınmaqla şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsinə icazə verilməsi haqqında qərar verib.

İqtisadiyyat.az-ın məlumatına görə, milli.Az şadlıq sarayları ilə əlaqə saxlayaraq son vəziyyəti öyrənib. Məşhur şadlıq saraylarından birinin administratoru İbrahim bəy bu xəbərdən sevindiklərini dilə gətirib:

"Toylara say məhdudiyyəti qoyublar, olsun təki. Hamımızın istədiyi onsuz da bu idi. Təki toyların keçirilməsinə icazə verilsin, hansı şərtlə olur olsun, əsas toy olsun. Qonaqlarımız da, biz də işçi kimi bu xəbəri gözləyirdik. 

2 ilə yaxın bir müddətdə toyların keçirilməməsi qiymətə də sözsüz təsir edəcək. Qiymət ilk növbədə saydan asılı olan bir məsələdir. Qonaqların sayında məlum səbəbdən məhdudiyyət olacağı üçün bizdən asılı olmayaraq qiymətlərdə də dəyişikliklər olacaq". 

Paytaxtın başqa bir şadlıq sarayının administratoru Əli də çox sevincli olduqlarını qeyd edib. O, qonaqların sayındakı məhdudiyyətlə əlaqədar qiymətlərdə də ciddi dəyişiklik olacağını istisna etməyib:

"Bu qərara çox sevindik. İl yarım idi işləmirdik. Təbii ki, hamı istəyir ki, evinə çörək aparsın, pul qazansın. Toylar bağlananda camaatın behləri yığılıb qalmışdı. Restoranımız təmirdən yeni çıxmışdı, təmirə çəkilən xərci çıxarmaq üçün başqa bir çıxış yolumuz yox idi. Şükür ki, uzun zamandan sonra müəyyən qaydalarla olsa da məhdudiyyət aradan qalxdı. 

Təxminən il yarımdan sonra toyların yenidən bərpa edilməsi qiymətlərə də öz təsirini göstərəcək. Adam sayının az olması qiymətlərdə böyük fərq yaradacaq. 2 il bundan qabaqkı bazarlıqla indiki bazarlıq xərci bir deyil. Qiymətlərdən hamımızın xəbəri var. Əvvəl 3 manata adi qarğıdalı yağı alırdıqsa, indi 6 manatdan ucuz deyil. Görün nə qədər fərq edir.

Qiymət fərqi bir neçə faktorla bağlıdır. Ərzağın qiymətindəki dəyişiklikdən başqa yer məsələsi də qiymətə təsir edən məqamdır. Sən onsuz da 100 nəfər qonağa da o restoranı işlədirsən, həmin o musiqiçiyə həmin o pulu verirsən, 300 nəfərdə də həmin o xərci çəkirsən. Amma 300 nəfərdə sən istər-istəməz böyük pul götürürsən axı. Ona görə də əgər 150 nəfərə də eyni pulu verirsənsə, 300 nəfərdə də eyni işçilərə eyni pulu verirsənsə, indi həmin pulu qazana bilməyəcəksən, çünki məhdud sayda qonaq qəbul edəcəksən. Amma yenə də hamı bir az da olsa nəsə qazanacaq, hamı evinə pul aparacaq. O qədər adam var ki, il yarımdır işsizdir, borcu-xərci yığılıb qalıb. Gözləyirdi ki, toylara icazə verilsin, işləyib borclarını qaytarsın, nəsə bir iş görsün. Restoran sektorunda çalışan belə insanların sayı çoxdur. Onlar bu sektorla dolanırdılar. Elə adamlar var ki, başqa işdə çalışa bilmir, həyatını bu sektora həsr edib. Ona görə də hamı bu qərarı sevinclə, müsbət qarşılayır. İnşallah davamlı olsun, qaydalar daha da yumşalmağa doğru getsin".