Bolqarıstanın Enerji və Su Tənzimləmə Komissiyası Yunanıstanın Milli Enerji Tənzimləyicisi ilə birlikdə Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) operatoru olan ICGB AD şirkətinə müstəqil ötürüçü operatoru kimi sertifikatlaşdırılmasına dair yekun birgə qərarı verəcək.

Bu barədə Bolqarıstan mətbuatı xəbər verir.

Məlumata görə, mərasim sabah iyulun 15-də paytaxt Sofiyada keçiriləcək.

Tədbirdə Avropa Komissiyasının Bolqarıstandakı nümayəndəsi də iştirak edəcək.

Bildirilir ki, sertifikatlaşdırma proseduru uğurla başa çatdıqdan sonra ICGB AD ölkədə ikinci müstəqil qaz ötürmə sisteminin operatoru olacaq. İki qurumun yekun birgə qərarı ilə IGB qaz bağlantısının 2022-ci il iyulun 1-dən sonra kommersiya istismarına verilməsi üçün bütün tənzimləyici tələblər yerinə yetirilmiş hesab olunur.

Bolqarıstan və Yunanıstanın milli enerji tənzimləyicilərinin qərarı, Avropa Komissiyası ilə razılaşdırılmış proseduru uğurla başa çatdırıb. İnterkonnektorun son dərəcə vacib rolunu nəzərə alaraq, bütün proses qısa müddətdə tamamlanıb.

Qəbul edilmiş yekun birgə qərarla iki milli tənzimləyici orqan region üçün strateji əhəmiyyət kəsb edən İGB qaz bağlantısının işə salınmasına mühüm töhfə verir. Bu kəmər vasitəsilə Bolqarıstan və Yunanıstanın qaz nəqli sistemləri birləşdirilir, Bolqarıstan və Cənub-Şərqi Avropa üçün qaz təchizatı mənbələrinin və marşrutlarının şaxələndirilməsi təmin edilir.

İnterkonnektor qazın Bolqarıstana idxalı üçün yeni marşrutdur ki, bu da birbaşa təchizatı təmin etməyə və rəqabətqabiliyyətli qiymətlərə nail olmağa kömək edir. Kəmərin layihə gücü (3 milyard kubmetr) Cənub Qaz Dəhlizindən və dünyanın müxtəlif yerlərindən mayeləşdirilmiş təbii qaz bazarlarından tədarük üçün əlavə imkanlar yaradır. Daha uzunmüddətli perspektivdə IGB interkonnektoru İsrail və Kiprdən təbii qazı, həmçinin Azərbaycan və digər ölkələrdən əlavə həcmləri nəql edə biləcək.

Qeyd edək ki, IGB Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" qaz kondensat yatağının II mərhələdə istismarı çərçivəsində hasil edilən "mavi yanacağ"ın Bolqarıstana nəqlini nəzərdə tutur. Belə ki, “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından 1 milyard kubmetr qazı almaq üçün "Şahdəniz" konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycan təbii qazı hesabına Bolqarıstan qaz tələbatının 25-30 %-ni ödəyə biləcək.

Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometri Bolqarıstan ərazisindən keçəcək. Kəmərin illik ötürücülük gücü 3-5 milyard kubmetr həcmində nəzərdə tutulur.