Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin martın 5-də Azərbaycan Respublikasına səfərə gəlib.

İqtisadiyyat.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Rusiya Hökumətinin sədrini Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev, xarici işlər nazirinin müavini Elnur Məmmədov, ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov və digər rəsmi şəxslər qarşıladılar.

***

16:50

Rusiyanın Baş naziri Mixail Mişustin Azərbaycana işgüzar səfərə gəlib.

Bu barədə İqtisadiyyat.az TASS-a istinadən xəbər verir.

Qeyd edilib ki, o, Azərbaycan Prezidenti İlham Əliyev və Baş nazir Əli Əsədovla görüşəcək.

Həmçinin Rusiya-Azərbaycan ticarət-iqtisadi əməkdaşlığının inkişafı ilə bağlı bir sıra məsələlərin nəzərdən keçirilməsi planlaşdırılır. Enerji, nəqliyyat, sənaye, mədəni, humanitar və qarşılıqlı maraq doğuran digər sahələrdə birgə layihələrin təşviqinə xüsusi diqqət yetiriləcək.

Səfər proqramında həmçinin Azərbaycan Milli Xalça Muzeyinə və Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrına ziyarət də nəzərdə tutulub.