"ABŞ Rusiyanın taxıl sazişinə qayıtması ilə bağlı problemlərin həlli üçün əlindən gələni edib".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinken Fransanın beynəlxalq radiosu olan "RFİ"yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Birləşmiş Millətlər Təşkilatının Rusiyaya təqdim etdiyi təkliflə bağlı hələ də cavab gözlənilir:

"Ötən il Türkiyə və BMT-nin təşəbbüsü ilə imzalanan müqavilə çərçivəsində Ukraynadan 30 milyon ton taxıl ixrac edilib. Burada məsələ güzəştdən getmir. Rusiya öz taxılını ixrac etməkdə çətinlik çəkdiyini iddia edir, lakin bu yalandır. Rusiyanın taxıl ixracı müharibədən əvvəlki illərin rəqəmlərini üstələyir. Üstəlik, Rusiyanın ixrac göstəriciləri rekord həddə çatıb.

Biz bu məsələ ilə bağlı problemləri həll etmək üçün əlimizdən gələni etdik. Məsələn, mən banklarımıza məktub göndərərək bildirdim ki, biz Rusiya taxılının ixracını tam dəstəkləyirik və onların Rusiya taxılına, nəqliyyatına qarşı sanksiyalardan qorxmalarına ehtiyac yoxdur".

 

Gözəl Həşimova