Rusiya-Ukrayna müharibəsi fonunda Qərbin tətbiq etdiyi sanksiyalar çərçivəsində bir çox beynəlxalq şirkət Rusiyadakı fəaliyyətini dayandırıb və ya ümumiyyətlə ölkəni tərk edib.

Lakin sanksiyalara rəğmən bir sıra şirkət Rusiyada fəaliyyətini hələ də davam etdirir. Məsələn, Yaponiyanın tütün şirkəti olan JTI ("Winston", "Mevius", "Camel", "Sobranie", "Glamour" və LD) ölkədəki biznesini bağlamayıb. Şirkətin Rusiyada iki zavodu və iki fabriki mövcuddur.

"Pringles" çipslərinin istehsalçısı olan ABŞ-ın "Kellogg’s" şirkəti, Rusiyada 704 obyektə sahib olan ABŞ-ın "Burger King" fast-food şəbəkəsi, İspaniyanın "Chupa Chups" konfetlərinin istehsalçısı, səhiyyə, şəxsi, peşəkar və sənaye gigiyena məhsulları istehsal edən ABŞ-ın "Kimberly-Clark" şirkəti də Rusiyadakı fəaliyyətlərini dayandırmayıb.

Bundan başqa, Fransanın dekorativ kosmetika istehsalçısı "Vivienne Sabo", paltar və çimərlik geyimləri istehsalçısı olan İtaliyanın "Calzedonia" şirkəti, Rusiyada 13 ticarət obyekti olan "Max Mara" geyim şəbəkəsi, Moskva vilayətində zavodu olan Cənubi Koreyanın LG şirkəti də Rusiyada işlərini davam etdirir.

Dünyanın ən böyük pivə istehsalçısı sayılan "AB InBev Efes" şirkəti də ("Bud", "Corona Extra", "Velkopopovický Kozel", "Hoegaarden", "Stariy Melnik iz Boçonka", "Klinskoye", "Beliy medved" pivə brendləri) Rusiyadakı 11 pivə zavodunda fəaliyyətini dayandırmaq niyyətində olmadığını bildirib.

Bundan başqa, bizneslərini Rusiyada davam etdirən şirkətlər sırasına "Miele"in ölkədəki nümayəndəliyi, Almaniyanın BSH ("BoschSiemens") konserni (Sankt-Peterburqda zavodu mövcuddur), "Bayer" şirkəti, "D-Basf" kimya konserni, Yaponiyanın "Yamaha" və "Toshiba" şirkətləri, Britaniyanın "Tesco" şəbəkəsi, Fransanın hipermarketlər şəbəkəsi "Aşan" (Rusiyada 241 mağazası mövcuddur), tikinti materiallarının satışı ilə məşğul olan "Leroy Merlin" (112 mağazanı idarə edir), "LC Waikiki", Avstriyanın "Raiffeisen Bank International" (RBI) təşkilatı, Macarıstanın OTP bank qrupu, Fransanın "Credit Agricole" qrupu və "BNP Paribas" daxildir.