Rusiyanın Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov Ukrayna ordusunun bölgəyə çoxbarrelli reaktiv yaylım atəşi sistemi ilə hücum etdiyini açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, o, bu barədə teleqram kanalında məlumat verib.

"Şebekino şəhərində gecə gərgin keçib. Ukrayna Silahlı Qüvvələri "Qrad" çoxlüləli reaktiv yaylım atəşi sistemi ilə şəhərin mərkəzi və ətraf ərazilərini vurub. 5 nəfər hücumda yaralanıb”.

Hücum nəticəsində bəzi inzibati strukturlara və binalara ziyan dəydiyini qeyd edən Qladkov mülki əhalinin şəhərdən çıxarılması prosesinin davam etdiyini bildirib.

Qeyd edək ki, Rusiyanın Belqorod vilayətinə qarşı zaman-zaman artilleriya və PUA-larla hücumlar həyata keçirilir. Ukrayna ordusunun bölgəyə hücumu nəticəsində bir nəfər ölüb. Hücumlara görə bölgədə müvəqqəti təxliyə mərkəzi yaradılıb.