Danimarka hakimiyyəti Kopenhagendə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) regional toplantısında iştirak etməyi planlaşdıran Rusiya səhiyyə nazirinin müavini Oleq Salaqayı ölkəyə buraxmayıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiyanın Kopenhagendəki diplomatik missiyasının "Telegram" kanalından məlumatda verilib.

"Sentyabrın 12-14-də Kopenhagendə ÜST-nin regional toplantısı keçirilir. Bu tədbirdə dövlət katibi - səhiyyə nazirinin müavini O. O. Salaqayın iştirakı gözlənilirdi. Lakin onun Danimarkaya buraxılmasına icazə verilmədi", - məlumatda deyilir.

Qeyd olunub ki, bununla krallığın hakimiyyət orqanları ÜST-nin Avropa Regional Bürosunun Kopenhagendə yerləşdiyini nəzərə alaraq, Rusiya da daxil olmaqla, ÜST-ə üzv ölkələrin rəsmi nümayəndələrinin Danimarkadakı müzakirələrə maneəsiz çıxışını təmin etmək üzrə öhdəliklərini pozublar.