İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Əbu Dabi Milli Neft Şirkəti (ADNOC) ilə "Abşeron" layihəsinin gedişatını, onun tammiqyaslı inkişafını müzakirə edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövşən Nəcəf "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"ADNOC şirkətinin Aşağı Karbon Həllləri və Beynəlxalq İnkişaf üzrə İcraçı Direktor Musabbeh Al Kaabi (Musabbeh Al Kaabi) ilə strateji dialoq apardıq. Dünya İqtisadi Forumu zamanı biz "Abşeron" layihəsinin gedişatını, onun tammiqyaslı inkişafını, həmçinin aşağı karbonlu həlləri və bərpa olunan enerji resurslarını müzakirə etdik və gələcək əməkdaşlıq üçün potensial imkanları araşdırdıq", - R. Nəcəf bildirib.

Qeyd edək ki, ötən ilin dekabr ayında SOCAR və ADNOC arasında Strateji Əməkdaşlığa dair Saziş imzalanıb. Saziş SOCAR ilə ADNOC şirkətləri arasında ətraf mühitin mühafizəsi sahəsində birgə fəaliyyətin daha da genişləndirilməsini, “mavi hidrogen”, geotermal və karbon idarə edilməsi üzrə əməkdaşlıq məsələlərini nəzərdə tutur.

2023-cü ilin avqust ayında ADNOC şirkəti "Abşeron" qaz-kondensat yatağında 30 %-lik iştirak payının əldə edilməsi ilə bağlı SOCAR və Fransanın “TotalEnergies” şirkəti ilə Saziş imzalayıb.