Qarnındakı yırtıq səbəbiylə əməliyyat olunan Vatikanın prezidenti Roma Papası Fransisk evə buraxılıb.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, Papa 2 il əvvəl yoğun bağırsaq əməliyyatından sonra qarnında kəsik nəticəsində əmələ gələn yırtıq səbəbiylə yenidən əməliyyata girmək məcburiyyətində qalıb.

Bu gün səhər xəstəxanadan çıxan Papa həkim heyətinə təşəkkür edib. Katoliklərin ruhani lideri xəstəxananın qarşısında onu gözləyən jurnalistləri, xəstələri və yaxınlarını salamlayaraq, “Mən hələ sağam” deyib.

Roma Papası həmçinin iyunun 14-də Yunanıstanın Peloponnes yarımadası yaxınlığında mühacirlərin faciəsi ilə bağlı dərin kədərini ifadə edib.