Müxtəlif yeməklərin hazırlanması videolarına baxaraq reseptləri öyrənən robot-aşpaz yaradılıb.

İqtisadiyyat.az xəbər verir ki, ixtira Kembric Universitetinin (Böyük Britaniya) tədqiqatçılarına məxsusdur. Tədqiqatçıların məqaləsi “IEEE Access” elmi jurnalında dərc olunub.

Robot proqramı simulyasiya maşın öyrənmə metoduna əsaslanır. Aparat insanın videoda nə etdiyinə baxır, daha sonra gördüklərini təkrarlamağa çalışır.

Tədqiqat çərçivəsində robota səkkiz sadə salatın reseptləri yüklənib. Daha sonra ona bu yeməklərin hazırlanması ilə bağlı kliplər nümayiş etdirilib. Əl hərəkətləri və inqrediyentlərlə maşın resepti təyin edib və bişirmə mərhələlərini təkrarlamağa başlayıb. Təcrübənin sonunda “kiberaşpaz”dan öz yeməyini yaratması tapşırılıb. Robot baxılan 16 videodan  93% hallarda resepti düzgün müəyyənləşdirib.

Tədqiqatçılar qeyd ediblər ki, robot videoları sosial şəbəkələrdə populyar olan məşhur aşpazların yeməklərini təkrarlaya bilmir. Problem ondadır ki, maşın məhsulların tez-tez və peşəkar kəsilməsi üçün xarakterik olan sürətli insan hərəkətlərini müəyyən edə bilmir.

Alimlər hesab edirlər ki, texnologiya zaman keçdikcə təkmilləşdikcə, robot “YouTube”dan yemək bişirməyi öyrənə biləcək.