Robert Levandovski Səudiyyə Ərəbistanından gələn təkliflərlə maraqlanmadığını və başqa prioritetlərinin olduğunu bildirib.

İqtisadiyyat.az xəbər verir ki,ötən yay "Bavariya"dan "Barselona"ya yollanan Robert Levandovski Kataloniya nəhəngi ilə 2026-cı ilə qədər müqavilə imzalayıb. Səudiyyə Ərəbistanı futbolunda başlayan dəyişiklik küləyi polşalı hücumçudan da yan keçməyib və Səudiyyə Ərəbistanı klublarından təklif alıb. Bununla belə, Levandovski Kriştiano Ronaldo və Kərim Benzema kimi transferə imza atmayacağını deyir.

Robert Levandovski Interia Sport-a müsahibəsində "Səudiyyə Ərəbistanının təklifini nəzərə almıram, çünki düşünməli heç nə yoxdur. Mənim başqa prioritetlərim var. Orada nələrin baş verdiyini görürəm, amma bu məni maraqlandırmır" deyərək münasibət bildirib

Səudiyyə Ərəbistanı futbola böyük sərmayə qoyaraq, ulduzları liqaya gətirmək istəyir. Bu hədəfin bir hissəsi olaraq, Kriştiano Ronaldonun gəlişini tamamladılar. Kərim Benzema "Real Madrid"dən ayrıldıqdan sonra "Əl İttihad"la müqavilə imzalayıb. Səudiyyə Ərəbistanının hədəfinin Neymar, Luka Modriç, Robert Levandovski və daha bir çox ulduzun olduğu bildirilir.