Azərbaycanda bir çox restoran depozit əsasında fəaliyyət göstərir. Belə ki, müştəri nə sifariş verməsindən asılı olmayaraq, restoranın müəyyənləşdirdiyi minimum məbləği ödəməlidir. Bu məbləğ isə restorandan asılı olaraq 50 manatla 300 manat arasında dəyişir. Bu hesaba yemək və şou daxildir. Belə qayda bəzi müştərilərin ciddi narazılığına səbəb olur.

Belə depozitlər əsasən bayram günlərində, həftəsonu, günün ikinci yarısında tətbiq edilir.

Trend-in bir neçə restoranda apardığı sorğu zamanı obyekt sahibləri bu addımı normal qazanc əldə etmək üçün atdıqlarını deyiblər.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə bildirib ki, bu, qanunla tənzimlənmədiyindən restoranlar belə hallardan sui-istifadə edirlər.

“Müştərilər əvvəlcədən buna məcbur edilə bilməz. Çünki bu heç bir qanunda yazılmayıb. Restoranlar haqqında qanun hazırlanmalı və bütün bunlar orada öz əksini tapmalıdır”, - E.Hüseynov deyib.