“Astoriya” Menzil-Tikinti Kooperativi təşkilati-hüquqi formasını dəyişir.
İqtisadiyyat.az xəbər verir ki, şirkət Məhdud Məsuliyyətli Cəmiyyətə çevrildiyini elan edib.
Qeyd edək ki, “Astoriya” 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Sadıqov Fərid Akif oğludur. İş adamı Fərid Sadıqov “TNH”, “Astoriya” MMC, Ailə TV-nin və digər böyük layihələrin sahibi kimi tanınıb.
2015-ci il aprelin 10-da Bakının Xətai rayonu, Zığ yolu,16 ünvanda “TNH” şirkəti tərəfindən doqquzmərtəbəli yaşayış binasının fasadının poliuretan materialla üzlənməsi yanğınla nəticələnib. Bu hadisədən sonra Fərid Sadıqov həbs olunub. Amma sonradan o, barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilərək 3 il sınaq müddəti ilə şərti cəza alıb və azadlığa buraxılıb.
Mətbuatda Fərid Sadıqovun həm də “Astoriya Tibb Mərkəzi” MMC-nin təsisçilərindən biri olduğu barədə məlumatlar dərc olunub. Eyni zamanda bildirilir ki, Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyev “Astoriya Tibb Mərkəzi” MMC-nin təsisçilərindən biridir.
Fərid Sadıqov eyni zamanda ölkənin aparıcı provayder şirkətlərindən olan “Kaspian Telekom”un qanuni təmsilçisi olub. 2017-ci ildən şirkətin qanuni təmsilçisi Əliyev Orxan Fikrət oğludur. Orxan Əliyevin İlham Əliyevin qardaşı Fikrət Əliyevin oğlu olduğu bildirilir.
Məlumat üçün onu da bildirək ki, “Astoriya” şirkətinə vergi öhdəliklərini pozduğuna görə (Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə) 2020-ci ildə 1 hal üzrə ümumilikdə 40 manat, 2021-ci ildə 2 hal üzrə ümumilikdə 80 manat, 2022-ci ildə 1 hal üzrə ümumilikdə 40 manat, 2024-cü ildə isə 1 hal üzrə ümumilikdə 40 manat maliyyə sanksiyası tətbiq edilib.