İqtisadiyyat.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının Ramazan ayının başlaması münasibətilə fətvasında bildirilib ki, martın 1-i Ramazan ayının ilk günüdür.
Niyyət gecəsi fevralın 28-dən martın 1-ə keçən gecəyə təsadüf edir.
Fətvada deyilir ki, builki Ramazan xalqımızın qədim bayramı Novruz günlərinə təsadüf edəcək, şəri baxımdan belə əlamətdar günlərin üst-üstə düşməsi cəmiyyətdə bir çətinlik yaratmır.
Təqvimə əsasən, ilk Qədr gecəsi Ramazan ayının 18-dən 19-na keçən gecə, yəni martın 18-nə təsadüf edəcək.
Bundan əlavə, Ramazan ayının 20-dən 21-nə keçən gecə (20 mart), Ramazan ayının 22-dən 23-nə keçən gecə (22 mart) və Ramazan ayının 26-dan 27-nə keçən gecə (26 mart) Qədr gecələri olacaq.
Şəvval ayının 1-i, yəni martın 30-da Ramazan (Fitr) bayramı olacaq.
Bu il Novruz və Ramazan bayramları ilə əlaqədar 12 qeyri-iş günü olacaq
Qeyd edək ki, bu il Novruz və Ramazan bayramları ilə əlaqədar mart ayında ölkədə ardıcıl 12 qeyri-iş günü olacaq. Nazirlər Kabinetinin qərarına əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib. 8 Mart - Beynəlxalq Qadınlar günü şənbə gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, 10 mart qeyri-iş günü olmalı idi. Bundan başqa, 30 mart Ramazan bayramı bazar gününə düşdüyündən 1 aprel qeyri-iş günü sayılmalıydı. Beləliklə, 29 və 30 mart tarixləri də şənbə və bazar günlərinə təsadüf etdiyindən, bu il Novruz və Ramazan bayramlarında 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30 və 31 mart tarixləri qeyri-iş günü olacaq.