İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı bankın rəhbərliyi göstəriş verib.
Keşbek faizlərinin endirilməsi bankın “Kartmane Debet”, “Kartmane Taksit” və “Premium” kartları üzrə tarifləri əhatə edir.
Məlumata görə, keşbeklər kredit-taksit kartlarında yanacaq doldurma üzrə 10 faizdən 5 faizə, marketlər və restoranlar üzrə 5 faizdən 3 faizə, debet kartlarında isə yanacaq doldurma üzrə keşbek 3 faizdən 2 faizə, marketlər üzrə 2 faizdən 1,5 faizə, digər ödənişlər üzrə isə 1,5 faizdən 1 faizə endirilib.
Eyni zamanda bu faizləri qazanmaq üçün ödənişlər “Apple Pay” və ya “Google Pay” ilə icra olunmalıdır. Çünki kartla edilən ödənişlərdə keşbeklər 1 faiz (yanacaq doldurma üzrə isə 0,5 faiz) təşkil edir.
İqtisadiyyat.az keşbeklərin endirilməsinin səbəbləri ilə bağlı “Rabitəbank”a sual ünvanlayıb. Bankdan bunun daxili qərar olduğunu və səbəblərinin qeyd olunmadığı bildirilib.
Qeyd edək ki, “Rabitəbank”ın son illər ərzində keşbekləri mütəmadi olaraq kəskin şəkildə endirməsi müştərilər arasında narazılığa səbəb olub. Misal olaraq, əvvəllər bu banka məxsus “Kartmane Debet” kartı ilə yanacaq doldurma üzrə keşbeklər 10 faiz olub. Sonradan bu rəqəm iki il əvvəl 5 faizə, ötən il isə 3 faizə endirilib. Keşbeklərin mütəmadi olaraq endirilməsi müştərilərin bankın xidmətlərindən imtina etmələrinə geniş imkanlar yaradır.
Xatırladaq ki, “Rabitəbank” 1993-cü ildə yaradılıb. Bankın Müşahidə Şurasının sədri Zakir Nuriyev, İdarə Heyətinin sədri isə Aydın Hüseynovdur.
“Rabitəbank”ın nizamnamə kapitalı 101,3 milyon manatdır. Bankın səhmlərinin 40,6 faizi Müşahidə Şurasının üzvü Əliyev Rauf Zeynal oğluna, 20,13 faizi Abbasova Validə Maarif qızına, 14,45 faizi bankın Müşahidə Şurasının sədri Nuriyev Zakir Əlibaba oğluna, 14,51 faizi Nuriyev Seyran Əlibaba oğluna, 9,11 faizi isə Nuriyeva Dilarə Nəsrəddin qızına aiddir.