"Rabitəbank" İslam İnkişaf Bankından cəlb etdiyi islam maliyyəsini adi biznes krediti kimi təklif edir.

İqtisadiyyat.az-ın məlumatına görə, ötən ilin sentyabrın 14-də "Rabitəbank" ilə İslam İnkişaf Bankı (İİB) Qrupu üzvü Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyası (İTFC) arasında  10 milyon dollar həcmində akkreditiv müqavilə imzalanıb.  

İTFC tərəfdən müqaviləni imzalayan, təşkilatın baş icraçı direktoru Hani Salem Sonbol jurnalistlərə açıqlamasında bildirmişdi ki, "Rabitəbank"la bu müqavilə İslami maliyyə məhsullarının yerli bazarda tətbiqi ilə bağlı imzalanıb.

Məqsəd özəl sektorun, xüsusən də KOB müştərilərinin ticarət maliyyələşdirmə ehtiyaclarını ödəmək və Azərbaycanda şəriətə uyğun ticarətin maliyyələşdirilməsi həllərinin təşviqinə töhfə verməkdir. İTFC bu məqsədlə "Rabitəbank"la yanaşı, digər yerli banklarla da əməkdaşlığa hazırdır. 

"Rabitəbank" isə İslam maliyyəsi kimi təklif edilən 10 milyon dolları heç bir dəyişiklik olmadan, adi biznes krediti kimi müştərilərə təklif edir. Bankın müştəri xidmətlərindən İqtisadiyyat.az-a verilən məlumata görə, İslam İnkişaf Bankından vəsait cəlb edilməsinə baxmayaraq "Rabitəbank" sahibkarlar üçün adi qaydada mikro kreditlər təklif edir. Burada da hər hansı güzəştli və ya endirimli şərtlərlə kredit təklifindən söhbət getmir. 

Qeyd edək ki, Sahibkarlığın İnkişafı Fonunun xətti ilə verilən kreditlər istinsa olmaqla, bankın hazırda biznes kreditlərini 7-15% aralığında təklif edir.