Fevralda BMT-nin baş katibi Antonio Quterreş Rusiya, Türkiyə və Ukrayna prezidentləri Vladimir Putin, Rəcəb Tayyib Ərdoğan və Volodimir Zelenskiyə Qara dənizdə gəmiçiliyin təhlükəsizliyini təmin etmək təklifləri ilə məktublar göndərib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə TASS-a dünya təşkilatının rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrik məlumat verib.

"Açıq ticarəti, qida axınını və gəmilərin təhlükəsizliyini qorumaq üçün bütün tərəflərlə müzakirələrimizi davam etdiririk. Bununla bağlı baş katib fevral ayında Rusiya Federasiyası, Türkiyə və Ukrayna prezidentlərinə məktublar göndərib", - Düjarrik deyib. 

O qeyd edib ki, məktublarda Quterreş bildirib: "Mülki naviqasiya azadlığı BMT-nin bu istiqamətdə davam edən səylərinin əsas mövzusu olaraq qalır. Qida və ticarət yolları təhlükəsiz, davamlı və proqnozlaşdırıla bilən olmalıdır".