Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən həyata keçirilən “Qlobal Sahibkarlıq Həftəsi” tədbirlər planı çərçivəsində Mingəçevir Dövlət Universitetində (MDU) “İş yeri axtarma, iş yeri yarat” layihəsi ilə bağlı seminar təşkil olunub.

Universitetdən  bildirilib ki, “Gəncə İş Adamları” İctimai Birliyinin sədri, sahibkar, “Zaferoğlu inşaat” şirkətinin qurucusu Zəfər Məmmədov tərəfindən keçirilən seminarda MDU-nun akademik və inzibati heyət üzvləri, tələbə və magistrantlar iştirak edib.

Seminarı giriş sözü ilə açan MDU-nun rektoru Şahin Bayramov tələbə gənclərdə sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsinin önəmindən danışıb və seminarın əhəmiyyətini vurğulayıb. Universitetdə kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi məqsədilə sənaye ilə əməkdaşlığın inkişafının diqqət mərkəzində saxlanıldığını bildirən rektor bu istiqamətdə göstərdiyi dəstəyə görə ASK rəhbərliyinə təşəkkürünü bildirib.

“Gəncə İş Adamları” İctimai Birliyinin sədri Zəfər Məmmədov layihənin məqsəd və vəzifələri, uğurlu karyera yüksəlişində və iş yerlərinin yaradılmasında sahibkarlıq bacarıqlarının rolu haqqında danışıb. Biznesə başlayarkən nəzərə alınmalı olan amillər, uğur formulu, düzgün hədəf seçimi, özünəinamın vacibliyi və digər mövzulardan bəhs edən Z.Məmmədov şəxsi təcrübələrini bölüşüb. Müasir dövrdə tələbələrin ixtisasları üzrə nəzəri və praktiki biliklər əldə etməsi ilə yanaşı, onlara sahibkarlıq bacarıqlarının aşılanmasının da zəruriliyini vurğulayan Z.Məmmədov bu istiqamətdə universitetdə həyata keçiriləcək fəaliyyətlərdə əməkdaşlığa hər zaman açıq olduğunu diqqətə çatdırıb.

İştirakçılar tərəfindən maraqla qarşılanan seminarda təqdim edilən suallar cavablandırılıb və fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, dünyada hər il noyabr ayının üçüncü həftəsi “Qlobal Sahibkarlıq Həftəsi” kimi qeyd olunur. Bununla əlaqədar olaraq, ASK noyabrın 14-dən 20-dək tədbirlər planı həyata keçirir. ASK və MDU arasında işbirliyi çərçivəsində təşkil olunan sözügedən seminar bu tədbirlər planına daxildir.