Dünyada peyklərin sayı artmaqda davam etdikcə kommersiya peyk sektorunun kosmik iqtisadiyyatdakı payı 71 faizə çatıb.

İqtisadiyyat.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, peyk sənayesi 2023-cü ildə görünməmiş bir sürətlə böyüməyə davam edib.

Ardıcıl 6-cı il rekord sayda kommersiya peyki orbitə çıxarıldığı halda, keçən il cəmi 2781 kommersiya peyki yerləşdirilib. Keçən il yerləşdirilmiş peyklərin sayı 2022-ci ilə nisbətən 20% artıb.

2023-cü ilin sonuna qədər dünya üzrə aktiv peyklərin sayı 9 min 691-ə çatıb. Son 5 ildə bu rəqəm 361% artıb. Bu peyklərin 87 ölkədə baş qərargahı olan təşkilatlar tərəfindən idarə edildiyi qeyd edilib.

Maraqlıdır ki, ABŞ təşkilatları 6500-dən çox peyk idarə edir, onlardan bəziləri digər ölkələrlə əməkdaşlıq edir.

Kommersiya peyk sənayesi keçən il qlobal kosmik iqtisadiyyatın əldə etdiyi 400 milyard dollar gəlirdə diqqəti cəlb edib. Belə ki, 2023-cü ildə sektorun əldə etdiyi gəlir 2% artaraq 285 milyard dollara çatıb. Peyk sənayesində ən çox gəlir əldə edilən sahə yerüstü avadanlıqlar olub.

ABŞ kommersiya peyk sektorunda lider olub. Keçən il orbitə buraxılan kommersiya peyklərinin 85 faizi ABŞ şirkətləri tərəfindən istehsal edilib. 2023-cü ildə ABŞ-də orbitə buraxılan peyklərdən 3,9 milyard dollar gəlir əldə edilib.

 

Gözəl Həşimova