Azərbaycan Respublikası Dövlət Neft Fondunun portfelinin tərkibi çox optimal şəkildə, bütün riskləri nəzərə almaqla tərtib edilib.

İqtisadiyyat.az xəbər verir ki, bunu Dövlət Neft Fondunun İcraçı direktoru İsrafil Məmmədov deyib.

İ.Məmmədov vurğulayıb ki, qlobal iqtisadiyyatda qeyri-müəyyənliklər, o cümlədən, inflyasiyanın artması, geosiyasi gərginlik mərkəzi bankları çox çətin vəziyyətdə qoyur.

“Bu da, bildiyiniz kimi, mərkəzi banklar tərəfindən faiz dərəcələrinin sürətlə artımı ilə nəticələnir və öz növbəsində, bütün maliyyə bazarlarına, o cümlədən, istiqrazların qiymətinə, həmçinin, səhmlərə mənfi təsir göstərir.

Dövlət Neft Fondunun portfelinin 80 faizi beynəlxalq birjalarda kotirovka olunan qiymətli kağızlardan ibarətdir. Lakin Dövlət Neft Fondunun uzunmüddətli investor olduğunu nəzərə alaraq biz bu mənfi təsirlərə müvəqqəti volatillik kimi baxırıq. Qeyd etdiyim kimi, Neft Fondunun portfelinin tərkibi çox optimal şəkildə, bütün riskləri nəzərə almaqla tərtib edilib. Bizim uzunmüddətli proqnozlarımız müsbətdir”, - deyə o əlavə edib.

Qeyd edək ki, 15-17 noyabr tarixlərində Bakıda Suveren Fondların Beynəlxalq Forumu keçirilir.

SFBF-nin əsas məqsədlərindən biri üzvlər arasında təcrübə və bilik mübadiləsidir. Bakıda keçiriləcək tədbir ARDNF üçün dünyanın qabaqcıl fondları və maliyyə təşkilatları ilə təcrübə və potensial investisiya imkanlarına dair fikir mübadiləsi baxımından əhəmiyyət daşıyır.

Tədbirin Azərbaycanla bağlı sessiyası qlobal maliyyə təşkilatları ilə Azərbaycanın müvafiq dövlət qurumları arasında müzakirələr üçün platforma yaradır.