Bu il qlobal elektrikli avtomobil satışlarının 17 milyona yaxınlaşacağı və bunun 62 faizinin Çində satış olacağı proqnozlaşdırılır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) “World Energy Outlook 2024” hesabatında deyilir.

Bu rəqəm dünya üzrə bütün avtomobil satışlarının təxminən 19 faizinə uyğundur. Təmiz enerji keçidi və bu sahədə texnologiyaların sürətlənməsi ilə demək olar ki, hər il elektrikli avtomobil satışlarında ikirəqəmli artım müşahidə olunur.

Məlumata görə, bu ilin birinci yarısında dünyada 7 milyon elektrikli avtomobili satılıb. Bu dövrdə satışlar ötən ilin birinci yarısı ilə müqayisədə 25 faiz artıb. Elektrikli avtomobil satışlarında bu artımın 80%-i Çinin payına düşüb. Bu il 17 milyon elektrikli avtomobil satışının 10 milyonunun Çində olacağı təxmin edilir.

Bununla belə, Çin istisna olmaqla, dünyanın qalan hissəsində elektrikli avtomobil satışlarının artımı 10 faiz səviyyəsində qalıb. Avropa İttifaqında (Aİ) satışlar sabit qalarkən, ABŞ-də tədricən artım müşahidə olunub.

 

Gözəl Həşimova