Bərpa olunan enerji layihələrinin gücü keçən il 3869 gigavata çatıb.  

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin bu il üçün “Bərpa Olunan Enerji Mənbələri Statistikası” hesabatında qeyd olunub.

Məlumata görə, qlobal bərpa olunan enerji potensialı son 5 ildə 52% artıb.

Bərpa olunan enerji mənbələrinin artımına dünyada təmiz enerji mənbələrinə doğru artan tendensiya təkan verib. Çünki ölkələr zərərli qalıq yanacaqlardan uzaqlaşmağa çalışırlar.

Ötən il bərpa olunan enerjinin elektrik enerjisində payı 2019-cu illə müqayisədə 8,6% artaraq 43,2%-ə çatıb.

Qlobal bərpa olunan enerji potensialında ən böyük artım 138,5%-lə günəş elektrik stansiyalarında müşahidə olunur. 2019 və 2023-cü illər arasında günəş elektrik stansiyaları bərpa olunan enerji mənbələri arasında ən böyük artımı yaşayıb. Son beş ildə quraşdırılmış günəş enerjisi gücü 138,5% artaraq 1419 giqavata çatıb.

Qlobal külək elektrik stansiyalarının ümumi quraşdırılmış gücü keçən il 1017 giqavata çatıb. 2023-cü ildə su elektrik stansiyalarının gücü beş il ərzində 6,4% artaraq 1268 giqavata çatıb.

Bərpa olunan enerji potensialında ən böyük artım 74% ilə Asiyada müşahidə olunub.

 

Gözəl Həşimova