İyunun 28-i Bakıda IX Beynəlxalq Sığorta Forumu keçirildi. Əsas təşkilatçının Azərbaycan Sığortaçılar Assosiasiyası(ASA) olduğu forumda Maliyyə Bazarlarına Nəzarət Palatası, İcbari Sığorta bürosu, Təhsil Nazirliyi, və “Asan Xidmət”in rəhbər nümayəndələri iştirak ediblər. Forumda Azərbaycanın sığorta bazarında mövcud çatışmazlıqlar müzakirə olunub və bir sıra yeniliklərdən söhbət açılıb. Bu yeniliklərdən biri Hadisələrin İdarəetmə Sistemi, sığorta şirkətlərinin reyestrinin yaradılması və İSB-nin tam avtomatlaşdırılması olub. Bütün bunlar sığortanın bütün növlərinin rahat və problemsiz fəaliyyəti üçün nəzərdə tutulub və yaxın zamanlarda tətbiq ediləcəyi gözlənilir.

Sığorta məsələləri üzrə ekspert İlkin İbrahimov forumun təşkili barədə ümumi fikirlərini İqtisadiyyat.Az saytı ilə bölüşüb. Ekspert açıqlama verərkən iştirakçı dövlət qurumlarının tariflərə yenidən baxılması qərarından söhbət açıb. Onun sözlərinə görə, sığortalının və sığortaçının təklifləri nəzərə alınaraq qiymət tariflərinə baxmaq olar:

“Sığorta forumunun keçirilməsi müsbət yanaşmadır. Forumun əsas təşkilatçısı Azərbaycan Sığortçılar Assosiasiyasıdır. Forumda yalnız sığortaçıların problemləri və uğurları qeyd olundu. Maraqlı məqam ondan ibarət idi ki, həm İSB, həm ASA , həm də Palata rəhbərliyi sığorta haqlarının köhnəlməsindən dolayı, qiymət tariflərinə yenidən baxılmasının vacibliyi qeyd etdilər. Aktuarilərin hesabatından sonra bu məsələyə baxılacağının siqnalını Palata rəhbərliyi bildirmişdir. Hesab edirəm ki, icbari sığortalarda sığorta haqqına baxmaq lazımdır. Lakin burada yalnız sığorta şirkətlərinin və onların təşkilatlanmış birliyinin bütün sözləri əsas olmamalıdır. Qarşı tərəf olan vətəndaş-sığortalıların da maraqları qorunmalıdır. Faktiki olaraq avtomobil sığortasında zərərin böyük olması barədə ASA son vaxtlar hay küy qaldırır”.

İlkin İbrahimov eyni zamanda qiymət tarifləri ilə yanaşı, keyfiyyətin də artırılmasının vacib olduğunu bildirib:  “Gəlin etiraf edək ki, qiymət qaldırmaq məsələnin ən asan yoludur. Burada sığorta şirkətlərinin heçmi günahı yoxdur? Əlbəttə ki var. Sığorta şirkətləri sığorta ödənişlərində xidmət haqqını şişirdir. Palata iyunun 1-dən bu məsələyə ciddi yanaşacağını bildirmişdi. Bu hal 10-15 gün çəkdi. Ancaq bir neçə sığorta şirkəti yenə də bu yolla gedirlər. Bildirdiyim kimi, qiymət artımında tələsmək olmaz. Çünki qiymət artsa belə sığorta şirkətlərinin keyfiyyəti artırması çətin görünür. Eyni zamanda forumda üzərindən keçməklə müstəqil ekspertlər məsələsinə də toxunuldu. Digər tərəfdən növbəti illərdə sığorta forumunda ictimai təşkilatların və vətəndaş cəmiyyəti nümayəndələrinin də iştirakının balanslaşdırılmış addım olacağını düşünürəm”.

 

Mehman Nəbiyev