Sabahdan Azərbaycanda Novruz və Ramazan bayramları ilə əlaqədar tətil başlayır. Tətil ardıcıl 12 gün olmaqla 20-31 mart tarixlərini əhatə edəcək. Qeyri-iş günlərinin sayının çox olmasının isə bəzi xidmət sahələrinə təsirlər göstərəcəyi yenidən gündəmə gəlib. Məlumdur ki, qeyri-iş günlərinin sayının çox olması iqtisadiyyata bir sıra təsirlər göstərə bilər. Amma bu təsirlərin müsbət və mənfi cəhətləri mövcuddur. Bu müddət ərzində sənaye və xidmət sahələrində istehsalat, işçilərin əmək məhsuldarlığı azala, təchizat zənciri pozula və s. ola bilər. Təbii ki, qeyri-iş günlərinin sayının çox olmasının müsbət təsirləri də vardır. Burada əsas məqam işçilərin sağlığı və rihafı, eləcə də onların istirahəti üçün imkanların yaradılmasıdır. Çünki bu da işçi məhsuldarlığını uzun müddətdə artırmağa kömək edə bilər, yaxşı istirahət edən işçilərin məhsuldarlığını daha da artıra bilər. Bu müddətdə işçilər şəxsi həyatlarına daha çox zaman ayıra bilirlər. Beləliklə, dünya təcrübəsində qeyri-iş günlərinin bəzi özəl sektora müsbət təsirləri müşahidə olunsa da, bu sektorun bəzi sahələrinə mənfi təsirləri də hiss olunur. Özəl sektorun elə sahələri var ki, bu sferada fəaliyyət göstərən şirkətlər qeyri-iş günləri müddətində qazanc və gəlirdən azad olurlar.

İqtisadiyyat.az mövzu ilə bağlı mütəxəssis və iqtisadçıların fikirlərini öyrənib.

Marketinq mütəxəssisi Sabit Məmmədov bildirib ki, qeyri-iş günlərinin sayının çox olması özəl sektorun bəzi sahələrinə müəyyən qədər təsir göstərə bilir. Onun sözlərinə görə, qeyri-iş günlərinin çox olması, əsasən də özünü maliyyələşdirən özəl sektorda müəyyən problemlər yaradır: “Çünki iş günlərində işçilərin sayəsində müəyyən dövriyyə yaranır və o dövriyyədən yaranan qazanc əsasında şirkət öz mənfəətini əldə edir. Bu həm də şirkətin işçi heyətinin və digər xərclərin qarşılanması üçün zəruridir”.

Mütəxəsiss söyləyib ki, qeyri-iş günlərinin çox olması özəl sektorda fəaliyyət göstərən bir neçə sahə üçün sərfəlidir: “Misal olaraq, bu müddət iaşə xidməti göstərənlər (hotel, restoran, istirahət mərkəzləri və s.) üçün gəlirli günlərdir. Buna görə də qeyri-iş günlərinin çox olması onlar üçün qənaətbəxş hesab olunur. Onların həmin dövrdə müştəriləri də çox olur və daha çox gəlir əldə edirlər”.

S.Məmmədov vurğulayıb ki, lakin qeyri-iş günlərində gəlirdən məhrum olan müəyyən sahələr də mövcuddur: “Misal olaraq, buna nümunə kimi digər xidmət sahələrini göstərə bilərik. Bu sahələrdə qeyri-iş günləri sifarişlər olmur. Marketinq və reklam sahəsində fəaliyyət göstərən şirkətlər adətən sifarişləri iş-günlərində qəbul və icra edirlər. Qeyri-iş günlərində həmin təşkilatlar da tətilə çıxdığından sifarişlər də olunmur. Eyni zamanda, qeyri-iş günlərində işçilərin tətilə çıxmasına görə birbaşa işçi əmək resursları ilə bağlı layihələrin də icrası dayandırılır. Ona görə də qeyri-iş günləri bu xidmət sahəsi üçün mənfi təsir göstərir. Bu baxımdan təbii ki, iş günlərinin sayının çox olması şirkət üçün əlavə maliyyə itkisi deməkdir”.

Mütəxəssis bununla yanaşı qoyulan qaydalara və verilən qərarlara hörmətlə yanaşılmasının vacibliyini və işçilərin də qeyri-iş günlərində tətil haqlarından istifadəsinin zəruriliyini vurğulayıb.

Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov isə bildirib ki, bayram günlərinin sayının çox olması bir sıra sektorlarda aktivliyin artmasına gətirib çıxara bilir. Onun sözlərinə görə, bu müddətdə xidmət sektorunda daha çox aktivlik müşahidə olunur: “Çünki bu, xüsusən turizm sektoru üçün yeni imkanlar yaradır və müşahidələr də göstərir ki, praktiki olaraq bölgələrdə turizm müəssisələrində, turizm obyektlərində qeyri-iş günləri müddətində əksər yerlər dolur və eyni zamanda qiymətlərdə belə artımlar müşahidə olunur. Bu da təbii ki, məhz həmin günlərdə turizmə tələbin artması ilə bağlıdır. Bu baxımdan, təbii ki, biz bütövlükdə turizm sektorunda dövriyyənin genişlənməsi müşahidə edilir”.

Deputat söyləyib ki, qeyri-iş günlərinin çox olmasının ticarət sektorunda da dövriyyənin artması baxımından müəyyən təsirləri var. O, bu müsbət təsirlərlə həmçinin nəqliyyat sektorunun da əhatələndiyini vurğulayıb: “Belə ki, xüsusən də paytaxtla regionlar arasındakı nəqliyyat sektorunda dövriyyənin artması müşahidə olunur. Təbii ki, ümumi qiymətləndirəndə fərqli sektorlara fərqli təsirlər ola bilər. Amma xüsusən nəzərə almaq lazımdır ki, burada, təbii ki, daha çox dövriyyəsi artan sektor xidmət, xüsusən də turizm sektorudur”.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev isə deyib ki, Novruz və Ramazan bayramı xalqımızın milli ruhundan doğan, insanların sevinclə qarşıladığı və əzizlədiyi bayramlardır. Onun sözlərinə görə, belə bayramlar ərəfəsində qeyri-iş günlərin sayının çox olması heç də iqtisadi inkişaf üçün maneə yaratmır:

“Əslində belə günlərdə insanlar daha çox alış-veriş edirlər. Daha çox hərəkətdə olur, daha çox istirahət zonalarına yollanırlar. Sözsüz ki, dövlət müəssisələri istisna olmaqla, bir çox özəl müəssisələr, obyektlər və xidmət sahələri bir və ya iki gün istirahət etməklə, digər iş günlərində sərbəst fəaliyyət göstərirlər. Ona görə də bayramların sayının çox olması insanların rahatlığı, onların dincəlməsi və istirahət etməsi üçün çox vacibdir”.  

Komitə sədri hesab edir, qeyri-iş günlərinin sayının çox olması iqtisadi nəticələrə elə bir təsir göstərə bilməz.

İqtisadçı Rəşad Həsənov da qeyri-iş günlərinin sayının çox olmasının iqtisadiyyata ciddi təsirlərinin olmadığını düşünür. Onun sözlərinə görə, Azərbaycanda muzdlu əmək bazarının əhəmiyyətli hissəsi məhz dövlət sektorunun payına düşür və tətbiq edilən bu qaydalar daha çox dövlət sektorunda keçərlidir.

İqtisadçı bildirib ki, işçilərin bayram günlərində işə çıxmamasının müəyyən təsirləri ola bilər: “Misal üçün, bu müddət ərzində nəqliyyat vastələrindən və ya ictimai nəqliyyatdan istifadə azala bilər. Eyni zamanda iş ərazilərində yerləşən iaşə müəssisələrndə xidmətə tələbin aşağı düşməsi hiss oluna bilər. Amma bütövlükdə həmin qrup insanlar qeyri-iş günlərini fürsətə çevirib digər xidmətlərin istehlakçısına çevrilir. Yəni səyahət edir, istirahətə yollanır”.

R.Həsənov vurğulayıb ki, yəni  bir tərəfdən iqtisadiyyata neqativ təsirləri ehtimal olunsa belə, digər tərəfdən pozitiv təsirləri də müşahidə etmək mümkündür. O həmçinin qeyd edib ki, özəl sektor qeyri-iş günlərinə bir o qədər də əməl etmir: “Ona görə də bu günlərin özəl sektora o qədər də ciddi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan iqtisadiyyatının strukturu elədir ki, qeyri-iş günləri o qədər də ciddi təsir göstərmir. Müəyyən qədər dövlət qurumlarının daha çox təmərküzləşdiyi bölgələrdə hansısa xidmətlərə tələb ola bilsin ki, azalsın, amma istirahət və əyləncənin təşkili sahəsində əksinə olaraq tələb daha da artır. Yəni bu tərəfdə qeydə alınan artım digər tərəfdəki azalmanı kompensasiya edir”.

Mütəxəssis eyni zamanda vurğulayıb ki, Azərbaycanda iqtisadiyyat istehsalat təqvimindən o qədər də asılı deyil: “Bu istehsalat təqvimində qeyri-iş günlərinin nə qədər çox olmasının birbaşa neqativ təsirlərindən danışmaq özü də çətindir. Xüsusilə istirahət və turizm sahələrinə birbaşa müsbət təsir göstərir, iqtisadi dinamikaya bu və ya digər mənada töhfə verir. Eyni zamanda gərgin əmək mühitində insanların gərgin saatlarını azaldaraq sağlamlığa da pozitiv töhfə verə bilir”.

Elçin Mehdiyev

 

Qeyd: material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” istiqaməti üzrə hazırlanıb.