Azərbaycanda bu ilin fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkilərinə hazırlıqlar davam edir. Mövcud qanunvericiliyə əsasən, 18 yaşına çatmış fəaliyyət qabiliyyəti olan hər bir Azərbaycan vətəndaşı səsvermə hüququna malikdir. Amma bəzi hallarda qeydiyyatda olduğu ünvanlardan kənarda yaşayan vətəndaşlar səs verə bilmir və prosesdən kənarda qalırlar. Odur ki, seçiciləri narahat edən əsas məqam qeydiyyatda olduqları ərazidə olmadıqları halda səsvermədə necə iştirak etmələri ilə bağlıdır. 

Ölkə daxilində qeydiyyatda olduğu ünvandan kənarda yaşayan vətəndaşlar necə səs verə bilərlər?

Məsələ ilə bağlı İqtisadiyyat.az-a açıqlama verən Vəkillər Kollegiyasının üzvü Elvin Əliyev bu suala aydınlıq gətirib.

Onun sözlərinə görə, əgər seçici hansısa rayonda şəxsiyyət vəsiqəsində qeydiyyatdadırsa, adı olan seçki məntəqəsinə yaxınlaşaraq qeydiyyatdan çıxmaq vəsiqəsi almalıdır: "Həmin vərəqə ilə o,  olduğu ərazi üzrə istənilən seçki məntəqəsində səs verə bilər. Əgər seçicinin adı siyahıda yoxdursa, həmin seçici şəxsiyyət vəsiqəsindəki qeydiyyata uyğun olaraq seçki məntəqəsində adını seçici siyahısına saldırmalıdır. Bu qayda eyni zamanda qeydiyyatda olduğu yerdə yaşamayan tələbələrə də aiddir".

Vəkil həmçinin söyləyib ki, vətəndaşların qeydiyyatda olduqları rayonlara getmək imkanları yoxdursa, bunun üçün Mərkəzi Seçki Komissiyasının (MSK) 115 saylı qaynar xəttinə zəng vura, eləcə də komissiyanın veb saytına daxil olub “Qaynar xətt, online müraciət” bölməsində tələb olunan şərtləri doldurmaqla qeydlərini apara bilərlər:

"Bildiyimiz kimi, "ASAN xidmət" mərkəzlərindəki "ASAN növbə" terminallarında "Seçici statusunu yoxla" adlı xüsusi bölmə yaradılıb. Belə ki, vətəndaşlar şəxsiyyət vəsiqələrini qeyd olunan yerdə oxudaraq, adlarını seçici siyahısında yoxlaya və hansı seçki məntəqəsində səs verməli olduqlarını öyrənə bilərlər. Həmçinin, qeydiyyat üzrə seçki dairəsi və məntəqəsi, səs veriləcək seçki məntəqəsinin ünvanı haqqında məlumatları əldə etmək mümkündür. Əgər məlumatlar sistemdə əks olunmazsa açılmış ekranda əlaqə məlumatlarını yazmaqla MSK-ya müraciət etmək imkanı da yaradılıb. Sözügedən innovativ həll MSK və “ASAN xidmət”in birgə layihəsi çərçivəsində reallaşdırılıb".