Bu sözləri İqtisadiyyat.az-a Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib.
Onun sözlərinə görə, belə bir ehtimalın reallaşa biləcəyini xarici təhrikçi qüvvələrin son zamanlar sərgilədikləri, regionda sabitliyin pozulması, həmçinin Ermənistanın silahlandırılması istiqamətində attıqları intensiv addımlar da təsdiqləyir:
“Bu sıraya, hazırda heç bir hüquqi statusu və mandatı olmayan, Ermənistan-Azərbaycan sərhəddində öz təhrikçi, pozucu fəaliyyyətini Praqa razılaşmasının kobud şəkildə pozulması ilə davam etdirən Avropa İttifaqının “missiyası”nın əməllərini, o cümlədən Polşa prezidenti Anjey Dudanın sərhəd bölgəsinə, hələ də işğalı altında olan Kərki kəndinə yaxın əraziyə gedərək, Aİ-nin “missiyası” ilə birgə Azərbaycan əleyhinə təbliğatda iştirakını da əlavə etsək, zənnimcə ümumi mənzərə haqqında nəticə çıxarmaq mümkündür. Qənaətimə görə, Polşa prezidentinin bu hərəkətlərinə xüsusi diqqət yetirilməsinə ehtiyac var. Çünki Polşa az qala 30 ildən çoxdur ki, Qərbin postsovet məkanındakı pozucu, dağıdıcı layihələrinin həyata keçirilməsində iştirak edən və ya edəcək təsir agentlərinin “yetişdirilməsində” ön sırada dayanan, Soros Fondu, NED və digər bu kimi qlobal cəsus şəbəkəsinin formalaşdırılmasına başçılıq edən geosiyasi təzyiq təsisatlarına ev sahibliyi edən, onların fəaliyyətinə dəstək verən bir ölkədir”.
Deputat söyləyib ki, hazırda Şərqi Avropada baş verən qarşıdurmalarda, həmçinin Gürcüstanda təsir agentlərinin iştirakı ilə cərəyan edən proseslərdə, o cümlədən Ermənistanın silahlandırılmasında və Qərbin Ermənistandakı nüfuz agentlərinin maliyyələşdirilməsində Polşa siyasiləri və təsisatları birbaşa, yaxud dolayısıyla iştirak edirlər:
“Ermənistanın yenidən canlanmaqda olan müharibə avantürası Qərbin növbəti təxribat ssenarisinin tərkib hissəsidir və burada Ermənistan hakimiyyəti ilə Qərbin maraqları üst üstə düşür. Ermənistan hakimiyyəti bununla ilk növbədə yerlə bir olmada olan nüfuzunu bərpa etməyə və 2026-cı ildə keçiriləcək seçkilərdə istifadə etmək üçün lokal da olsa üstünlük qazanmağa, həmçinin Fransa və digər imperialist qüvvələrin satellite statusunu rəsmiləşdirməklə, Qərbi və Mərkəzi Asiyada, əsasən türk dövlətlərinin iştirakı ilə gerçəkləşməkdə olan subregional inteqrasiya proseslərinə maneə yaratmağa çalışır. Şübhəsiz ki, bütün bunlar Qərbin Ermənistandakı, sayı 3 min nəfərdən çox olan texnoloqlarının hazırladıqları yaxın və uzunmüddətli inkişaf ssenariləri əsasında həyata keçirilir. Qərbin məqsədi isə Azərbaycanın bölgədə yaratdığı və təkcə Cənubi Qafqaza deyil, Avrasiyanın çox önəmli, strateji resurslarla zəngin, nəqliyyat dəhlizləri üçün çox önəmli bir hissəsinə təsir göstərən, sülhə, təhlükəsizliyə, regional və subregional əməkdaşlığın inkişafına yol açan reallıqları mümkün qədər dəyişməkdən və xaos ssenariləri ilə əvəzləməklə bölgəyə nüfuz etməkdən ibarətdir. Ukraynada uğursuzluğa düçar olan Qərbin Cənubi Qafqaza Ermənistan vasitəsilə nüfuz etmək cəhdlərinin əsas məqsədlərindən biri də Rusiyaya qarşı, kifayət qədər həssas bir bölgədən ikinci cəbhə açmaqdan, diqqəti Şərqi Avropadan yayındırmaqdan ibarətdir. Bu prosesdə, daha öncə qeyd etdiyim kimi, Polşanın da yer alması, Şərqi Avropadakı təhrikçi hərəkətlərinə görə, hədəfdə olan bu ölkənin də diqqəti öz üzərindən yayındırmaq niyyətindən qaynaqlanır”.