Rusiyanın “Qazprom” və Türkiyənin “Botaş” şirkətləri arasında 5,75 mlrd. kubmetr həcmində qazın tədarükü üzrə 4 il müddətini əhatə edən yeni müqavilə imzalayıblar.

Bu barədə TASS “Qazprom Export” şirkətinə istinadən yazır.

Bildirilir ki, dekabrın 30-da “Qazprom Export” və “Botaş” arasında qaz tədarükü və qaz nəqli infrastrukturundan istifadə sahəsində əməkdaşlıq haqqında sazişlər paketi imzalanıb.

“Xüsusən, 2022-ci il yanvarın 1-dən etibarən “Botaş”a təbii qazın tədarükü üçün yeni müqavilə imzalanıb. Müqavilə 4 il müddətində “Türk axını” qaz kəməri ilə hər il 5,75 mlrd. kubmetrədək qazın nəqlini nəzərdə tutur”, – “Qazprom Export”un məlumatında deyilir.