Bu il Qax rayonunun fermerləri 373,3 hektar sahədə tütün yetişdiriblər. Hazırda təsərrüfatlarda tütün yığımı davam edir. İndiyədək sahələrdən 1000 tondan çox yaş tütün yarpağı yığılıb. Dərilən tütün qurudulmaq üçün sahələrdən birbaşa Qax və Zaqatala rayonlarındakı emal məntəqələrinə gətirilərək qurutma kameralarına yerləşdirilir. İndiyədək qaxlı fermerlər 100 tondan çox quru tütün istehsal ediblər.

Bu barədə Qax Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.

Qurumdan bildirilib ki, cari mövsümdə Qax rayonunda “Azərtütün” ASC tərəfindən 131 hektar, “Zaqatala AGRO Industry” MMC tərəfindən 132,3 hektar, fərdi qaydada isə 110 hektar sahədə tütün əkilib. Tütün istehsalı ilə əlaqədar həmin şirkətlər tərəfindən 33 fermerlə müqavilə bağlanılıb. Eyni zamanda, xeyli sayda torpaq mülkiyyətçisi fərdi qaydada tütün yetişdirilməsi ilə məşğul olur.

Xatırladaq ki, ötənilki mövsümdə qaxlı fermerlər 477 hektar sahədən 560,8 ton quru tütün əldə ediblər.