Qax rayonunun təsərrüfatlarında payızlıq dənli bitkilərin səpini üçün yay şumunun çıxarılmasına başlanılıb. 

Qısa müddətdə təsərrüfatlarda taxıl biçini başa çatmış ərazilərdə 1500 hektaradək sahədə yay şumu qaldırılıb. Səpin aparılacaq sahələrin şumlanmasına 30 traktor cəlb olunub. Bu ilin payızında rayonda gələn ilin məhsulu üçün 13 min hektaradək sahədə payızlıq dənlilərin səpini proqnozlaşdırılır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Qax Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.

Qurumun bitkiçilik sektorunun baş məsləhətçisi Ülvi Əzimovun verdiyi məlumata görə, hazırda rayonda taxıl biçini kampaniyası yekunlaşmaq üzrədir. Builki mövsümdə rayonda 13 min 322 hektar taxıl sahəsinin məhsulunun biçilməsi nəzərdə tutulurdu. İndiyədək taxıl sahələrinin 92,7 faizinin, yəni 12 min 350 hektarının məhsulu biçilib, 37 min 83 ton taxıl tədarük olunub. Hər hektara görə orta məhsuldarlıq 30 sentner təşkil edib.