“Azərbaycanla Çin arasında həm ticari əlaqələr, həm də turizm sahəsində əlaqələr daha artacaq”.
Bunu İqtisadiyyat.az-a açıqlamasında turizm məsələləri üzrə ekspert Ceyhun Aşırov deyib.
Azərbaycanın Çin vətəndaşları üçün vizanı ləğv etdiyini xatırladan mütəxəssis söyləyib ki, məhz bu səbəbdən ötən il ölkəmizə gələn Çin turistlərinin sayında artım olub:
“Yəni vizanın ləğv edilməsi öz müsbət təsirini göstərib və göstərməkdədir. Əgər qarşılıqlı vizasız gediş-gəliş haqqında Saziş imzalanarsa, Azərbaycanla Çin arasında həm ticari əlaqələr, həm də turizm sahəsində əlaqələr daha artacaq”.
C.Aşırov bildirib ki, dünyada turizm xərclərinə görə Çin birinci yerdədir. Onun sözlərinə görə, Çin turistləri ildə 255 milyard dollardan çox xərcləmələr edir: “Ona görə də bir çox turizm ölkələri Çindən turistlərin gəlməsini istəyirlər ki, o məbləğdən pay alsınlar. Bu mənada Çin turizm bazarından Azərbaycanın kiçik bir pay alması ciddi turist axının olması deməkdir. Belə bir saziş ölkələr arasında gediş-gəlişi xeyli artıra bilər”.
Xatırladaq ki, Azərbaycan Prezidentinin Çinə səfəri çərçivəsində qarşılıqlı vizasız gediş-gəliş haqqında Sazişin imzalanması gözlənilir. Bu barədə Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 10-cu iclasında bildirilib.
Elçin Mehdiyev