Bakı Ağır Cinayətlər Məhkəməsində “İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi, həbsdə olan iş adamı İlqar İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

"Unikal" xəbər verir ki, hakim Əli Məmmədovun sədrlik etdiyi prosesdə cinayət işi materialları üzrə sənədlərin tədqiqi mərhələsi davam etdirilib.

Prosesdə müdafiə tərəfi iki vəsasətlə çıxış edib. 

Vəkil İlhamə Həsənova müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi sübutlar siyahısına daxil edilməsi ilə bağlı bildirib ki, qarşı tərəf ittihamını onunla əsaslandırıb ki, İsmayılov İlqar İsmayıl oğlu “İDEAL KOMPANİ” MMC-də onunla digər təsisçi arasında mənfəətin bölüşdürülməsinə dair heç bir razılaşma olmadan 680 min manat pulu mənimsəyib. 

Müdafiə tərəfi “İDEAL KOMPANİ” MMC-də 2013-2016-cı illərdə mənfəətin təsisçilər arasında bölünməsini təsdiq edən ittiham tərəfin özünün cinayət işi materiallarına əlavə etdiyi 1C proqram təminatının əks olunduğu yaddaş kartından çıxarışları məhkəməyə təqdim edib.

Həmin çıxarışlarda cəmi 5 milyon 833 min 296 manat vəsaitin 2013-cü ilin yanvar ayından başlayaraq 2016-cı ilin dekabr ayına qədər “İDEAL KOMPANİ” MMC tərəfindən dividend formasında Zərifə Həmzəyevaya "Gazelli" şirkəti vasitəsilə ödənilməsi öz təsdiqini tapır.

Müdafiə tərəfi öz vəsatətini əsaslandıraraq məhkəməyə bildirdi ki, bu sənədlər ittiham tərəfin istintaq zamanı "İDEAL KOMPANİ” MMC-də aşkarlayaraq yaddaş kartına köçürüb cinayət işi materiallarına əlavə etdiyi proqram təminatından çıxarılmış sənədlərdir. Bu sənədlərdə həmin məbləğin Zərifə Həmzəyevaya ödənilməsi gündəlik kassa hesabatları, məxaric qəbzləri və kassa əməliyyatları üzrə yönəltmələrlə öz təsdiqini tapır. 

Bundan sonra vəkillərin məhkəməyə təqdim etdiyi vəsatət  2013-2016-cı illərdə İlqar İsmayılov tərəfindən “İDEAL KOMPANİ” MMC-yə mədaxil olmuş məbləğlərlə bağlı idi. Vəsatət bununla əsaslandırıldı ki, İ.İsmayılov 680 min manat vəsaitin mənimsənilməsi ittiham elan olunub, lakin yoxlanılan dövrdə İlqar İsmayılov 2 milyon 717 min ABŞ dolları, 4 milyon 498 min 440 manat və 780 min Avro “İDEAL KOMPANİ” MMC-nin kassasına mədaxil edib. Müdafiə tərəfi bildirdi ki, əgər İ.İsmayılov 680 min manatı məxaric etməkdə ittiham olunursa, onun mədaxil etdiyi vəsaitdən 680 min manat çıxılmalı, hətta ittiham əsaslı olsa belə, bu məbləğ tam olaraq qaytarılıb. 

Vəkil İ.Həsənova qeyd edib ki, bütün bu sənədlər istintaqın özü tərəfindən cinayət işi materiallarına əlavə olunmuş yaddaş kartındakı proqram təminatından çıxarılmış sənədlərdir. 

İ.İsmayılovun vəkilləri daha bir vəsatətlə çıxış etdi ki, məhkəmə tədqiqat zamanı həmin yaddaş kartını açmayıb və bildirilib ki, həmin kartın açılması mümkün deyil. Müdafiə tərəfi isə qeyd edib ki, həmin yaddaş kartının açılması üçün mütəxəssis cəlb edib. Onun köməkliyi ilə yaddaş kartı açıla bilər. Xahiş olundu ki, həmin yaddaş kartı açılsın və proqram təminatı məlumatları məhkəmədə araşdırılsın. İttiham və  müdafiə tərəfinin verdiyi sübutların təsdiq olunub-olunmaması bir daha məhkəmə iclasında aydınlaşdırılsın. 

İttiham tərəfi həmin yaddaş kartının açılmasına və müdafiə tərəfinin verdiyi sənədlərin sübutların siyahısına əlavə olunmasına etiraz edib. 

İ.İsmayılovun vəkilləri isə bildirib ki, bu sənədlər məhz iş materiallarında istintaqın təqdim  etdiyi yaddaş kartında olanlardır. İttiham da öz sübutlarını həmin yaddaş kartından götürülən sənədlərlə müəyyən edir. Ona görə də məhkəmə ittiham və müdafiə tərəfinin sübutlarına bərabər yanaşmalıdır. 

Məhkəmə yekun olaraq müdafiə tərəfin verdiyi sənədlərin materiallara aid olmasına dair vəsatətləri təmin edib. Lakin mütəxəssisin cəlb edilərək proqram təminatının açılması ilə bağlı vəsatəti təmin etməyib. Məhkəmə istintaqının yekunlaşdığı elan edilib.

Sonda İlqar İsmayılov bildirib ki, dövlət və dövlətçiliyin tərəfindədir. O xahiş edib ki, verdiyi sübutlar çərçivəsində araşdırma aparılsın:

"Kommersiya sirri hesab etdiyim qarşı tərəflə mənə aid olan məsələləri hələ ki, burada açıqlamaq istəmirəm", - deyə İ.İsmayılov əlavə edib.

Növbəti proses dekabrın 27-nə təyin edilib.

Qeyd edək ki, İlqar İsmayılov 2013-2016-ci illərdə vəzifəsindən sui-istifadə edərək şirkətin kassasından 680 min manata yaxın vəsaiti götürüb şəxsi ehtiyaclarına xərcləməkdə suçlanır. Ona CM-in 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) maddələrilə ittiham verilib. Amma İsmayılov özünü təqsirli bilmir. Onun sözlərinə görə, “İdeal”ın əlindən alınması barədə dövlət orqanlarına şikayətlərinə və mediadakı çıxışlarına görə cəzalandırılıb. İsmayılov həbsindən təxminən bir həftə öncə sosial media hesabında AZAL prezidenti Cahangir Əsgərovun iş otağında təzyiqə məruz qaldığını, onun və həyat yoldaşının təhdid və təzyiqləri altında Samir Əliyevi “İdeal”ın direktoru təyin etmək məcburiyyətində qaldığını yazmışdı. “İdeal”ın idarəçiləri 2020-ci ildə “Sabina” mağazalar şəbəkəsini də alıb. Bu iki şirkət “Adore Company”ə daxil edilib. Həmzəyeva eyni zamanda, Azərbaycanda kosmetika məhsullarının istehsalçısı olan “Gazelli Group”un przidenti, "Premium Bank”ın da əsas təsisçisidir. Həmzəyevanın nümayəndəsi şikayətlərə görə İsmayılovu xüsusi ittiham qaydasında məhkəməyə verib, CM-in 147 (böhtan) və 148-ci (təhqir) maddələrilə cəzalandırılmasını tələb edib.

Lakin məhkəmə İsmayılovu haqlı sayaraq, ona bəraət verib. Məhkəmə belə nəticəyə gəlib ki, İsmayılovun AZAL prezidentinin xanımına böhtan atması, onu təhqir etməsi haqda iddialar sübuta yetirilməyib.