Milli Məclisin bu gün keçirilən iclasında Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” qanunlara 30-dan artıq təklif olunan dəyişikliklər müzakirə edilib və birinci oxunuşda qəbul edilib.

Dəyişikliklərin əhəmiyyətini İqtisadiyyat.az-a şərh edən Milli Məclisin deputatı Sevinc Hüseynova bildirib ki, səhiyyə sisteminin mühüm sahəsi olan praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) peşəkarlıq səviyyəsinin yüksəldilməsi və peşəkarliginin qiymətləndirilməsi işinin təkmilləşdirilməsinə müsbət təsir göstərəcək.

Onun sözlərinə görə, layihədə sertifikasiyası prosesi və qaydalarına dair yeniliklərin, o cümlədən Dünya Tibb Təhsili Federasiyasının tövsiyələrinə əsaslanan yeni mexanizm və davamlı peşəkar inkişaf (DPİ) modelinin tətbiqinin nəzərdə tutulması tibb işçilərinə sertifikasiyadan keçmək üçün yeni və geniş imkanlar yaradır:

“Belə ki, tibb işçiləri sertifikat şəhadətnamələrini ya 5 ildən bir ənənəvi kurs keçməklə imtahan yolu ilə, ya da 5 il ərzində elmi, pedaqoji və tədris fəaliyyətinə görə 250 kredit balı toplamaqla əldə edə bilər. Bu isə öz nəvbəsində tibb işçilərinin peşəkar inkişafını stimullaşdıracaq və tibb mütəxəssislərimizin beynəlxalq peşakar mühitə daha yaxşı inteqrasiyasına yol açacaq. Son zamanlar cəmiyyətimizdə birmənalı qarşılanmayan həkimlərimizin plastik cərrahiyəyə yönəlməsi və bu sahədə yaranan fəsadlar fonunda nəzərə çarpan məqamlardan biri də layihədə 48 maddədən ixtisasdəyişməyə dair müddəaların çıxarılmasıdır. Yəni həkimlərin ixtisasdəyişməsi yalnız rezidentura pilləsi keçməklə artıq mümkün ola bilər.Həmkarlarımın fikirləri ilə razıyam və inanıram ki, təklif olunan dəyişiklər əhalinin saglamlığının qorunmasına, keyfiyyətli tibbi xidmətlərin göstərilməsinə mühüm töhfələr verəcəkdir”.

S.Hüseynovanın sözlərinə görə, fərəhləndirici haldır ki, ölkəmizdə həyata keçirilən dövlət siyasəti nəticəsində bütün sahələrdə olduğu kimi səhiyyə sahəsində də böyük uğurlar və nailiyyətlər əldə olunub: “Müasir xəstəxana infrastrukturunun gücləndirilməsi, həkimlərin peşakarlığının və motivasiyasının artırılması, bütün bölgələrdə eyni keyfiyyətli və əlçatan tibbi xidmətlərin inkişaf etdirilməsi məqsədilə səhiyyə sisteminin huquqi, təşkilati və maddi-texniki bazası qurulub və davamlı olaraq təkmilləşdirilir. Elə tək son illərdə təmir-tikinti aparılmış 750-dən artıq səhiyyə müəssisələrinin 70 faizdən çoxu məhz regionların payına düşür. Ölkənin səhiyyə sistemində ilk dəfə olaraq icbari tibbi sıgorta sistemi tətbiq ediliməsi və əhalinin ödənişsiz şəkildə 3315-sayda tibbi xidmətdən ödənişsiz istifadə etməsinə şəraitin yaradılması isə cəmiyətimiz tərəfindən böyük rəgbətlə qarşılanır”.

Deputat regionlarda həkim çatışmazlığından da danışıb: “Təmsil etdiyim dağlıq bölgədə yerləşən Gədəbəy rayonunda da yeni avadanlıqlarla təchiz edilmiş Mərkəzi xəstəxana, kəndlərdə tibb məntəqələri istifadəyə verilib. Lakin rayonun səhiyyə sistemində mövcud olan kadr çatışmazlığı əhaliyə tam şəkildə tibbi xidmətdən istifadə etməyə imkan vermir və insanların haqlı narazılığına səbəb olur. Rayonun tibb müəssisələrində 50 həkim və 30 tibb işçisinə zəruri ehtiyac var. Bir sıra həkim və tibb məntəqələrində həkim yoxdur, şəhər poliklinikasında travmatoloq, onkoloq, uroloq, ultrasəs, psixiatr və s. yerləri boşdur.

Düşünürəm ki, təqaüd yaşına çatan və praktiki tibb fəalliyətini davam etmək istəyən həkimlərə sertifikasiyadan keçərək mövcüd vakansiyalara yönəldilməsi bu məsələnin müsbət həllinə qismən də olsa xidmət edərdi”.

Elçin Mehdiyev