Qalınlığı 15 mikrona  qədər olan polietilen  torbaların,  habelə birdəfəlik istifadə  üçün nəzərdə  tutulan  plastik qarışdırıcı  çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların  sahibkarlar  tərəfindən idxalı, istehsalı, ticarət, ictimai iaşə və xidmət  obyektlərində  istehlakçıya  satılması  və verilməsi qadağan edilir.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Ətraf mühitin mühafizəsi haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə təklif edilən müddəaların polietilen torbalara münasibətdə 2021-ci il yanvarın 1-dən, digər birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı  çubuq, çəngəl, bıçaq, boşqab və stəkanlara münasibətdə isə 2021-ci il iyulun 1-dən qüvvəyə minməsi təklif edilib.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.