İqtisadiyyat.az xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi bununla bağlı elan etdiyi tenderi başa çatdırıb.
Tenderin nəticələrinə əsasən, keçmiş məcburi köçkünlərin doğma yurdlarına köçürülməsi “166 Global Logistics” şirkəti tərəfindən həyata keçiriləcək.
Tender özündə məcburi köçkün ailələrinin sərnişin nəqliyyatı ilə yanaşı, onların ev əşyalarının və təsərrüfat yüklərinin yük nəqliyyat vasitələri ilə daşınması və boşaldılmasını ehtiva edir.
Belə ki, Xıdırlı kəndinə 719 və Ağdam şəhərinə isə 1268 məcburi köçkün ailələrinin köçürülməsi nəzərdə tutulub.
Məlumata görə, məcburi köçkün ailələrinin doğma yurdlarına köçürülməsi Bakı, Sumqayıt, Gəncə, Şəki, Mingəçevir şəhərləri, Abşeron, Ağdaş, Ağcabədi, Ağsu, Balakən, Bərdə, Beyləqan, Göyçay, İmişli, İsmayıllı, kürdəmir, Oğuz, Qəbələ, Tərtər, Ucar, Xaçmaz, Yevlax və Şamaxı rayonlarından həyata keçiriləcək.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi ilə “166 Global Logistics” şirkəti arasında bağlanılmış müqaviləyə əsasən, keçmiş məcburi köçkünlərin yol xərci 1 630 223,1 manat müəyyənləşib.
Beləliklə, Dövlət Komitəsi ilə şirkət arasında razılaşmaya əsasən, bir ailənin daşınma xərci orta hesabla 820 manat təşkil edəcək.