2024-cü ilin yanvar-fevral aylarında "PSG Kapital İnvestisiya Şirkəti"nin  “Bakı Fond Birjası”da apardığı əməliyyatların həcmi 254 əqd üzrə 20,9  milyon manat təşkil edib. 

İqtisadiyyat.az-ın hesablamasına görə, investisiya şirkətinin birja əməliyyatları son bir ildə 27% və ya 7,8 milyon manat azalıb. Belə ki, 2023-cü ilin eyni dövründə “PSG Capital”ın dövriyyəsi 28,7 milyon manat təşkil edib. 

İnvestisiya şirkətinin birja əməliyyatlarının 2,45 milyon manatı repo, 14,9 milyon manatı dövlət qiymətli kağızlarının, 3,39 milyon manatı korporativ istiqrazların, 56,7 min manatı  səhm üzrə əməliyyat payına düşüb. İnvestisiya şirkəti ilin əvvəlindən etibarən Mərkəzi Bankın istiqrazları üzrə əməliyyat aparmayıb.

Xatırladaq ki, “PSG-Kapital” 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 6,25 milyon manatdır. İnvestisiya şirkətinin səhmdarı 100% Faiq Məmmədovdur ("PSG Finans" MMC bank olmayan kredit təşkilatının 12,5%-lik təsisçisi). İnvestisiya şirkəti Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazlarının market-meykeridir.