Üzərindən 5 gün keçməsinə baxmayaraq Türkiyədə baş vermiş dəhşətli zəlzələ dünya mediasında əsas müzakirə mövzularından biridir. Hadisə Azərbaycan ictimaiyyətinin də əsas gündəmində yer alıb.

20 minə yaxın insanın həyatını itirdiyi zəlzələ ilə bağlı İqtisadiyyat.az-a danışan iqtisad elmləri doktoru, professor Zahid Məmmədovun fikrincə baş verən hadisə urbanizasiya problemini yenidən gündəmə gətirib:

“Şəhərsalma elmi sanki unudulub. Bu sahədə ciddi islahatlara ehtiyac var. Çünki təcrübə göstərdi ki, bir inşaat şirkətinin, yaxud əməkdaşının səhvi ucbatından, o binaların keyfiyyətinə müsbət rəy verən bir məmurun imzasından dolayı ölkə iqtisadiyyatına necə milyardlarla dollar ziyan dəyir. Şəhərsalma elmi ilə ciddi məşğul olunmalıdır. Baş verən hadisə böyük bir dərsdir və bu dərsdən alınacaq nəticələr var”.  

 

Bu hadisədən sonra diqqətlərin Bakıya yönəldiyini bildirən Z.Məmmədov bir sıra suallar ətrafında ciddi düşünülməsinin vacibliyini vurğulayıb:

“Biz baş verənlərdən dərs çıxarmalıyıq. Biz sual verməliyik ki, Bakıda bu qədər əhalinin yerləşməsinə, bu qədər binanın tikilməsinə ehtiyac varmı? Çoxmərtəbəli binaların yan-yana tikilməsi doğrudurmu? Bu suallar ətrafında ciddi düşünülməlidir. Şəhər standartlarını pozan, təhlükəsizliyə təhdid yaradan bütün binalara yenidən baxılmalıdır. “Mənim əlimdə icazə sənədi var” demək hələ məsuliyyətdən azad etmir sahibkarı. Kim verib o sənədi sənə? Bir məmur verib də. Amma təbii fəlakət baş verəndə bunun yan təsirlərini, hansı sahələrə necə böyük ziyan vurduğunu düşünürükmü? Bu gün Türkiyədə baş verənlərin fonunda biz bunu görə bilirik”. 

 

Professor Türkiyənin bərpası ilə bağlı öz təklifini də irəli sürüb:

“Türkiyə bu sınaqdan üzüağ çıxacaq. Buna əmin olun. Azərbaycanlılar başda olmaqla, dünyada yaşayan türklər və digər xalqlar birlik nümayiş etdirərək Türkiyəni bu vəziyyətdən çıxaracaq. Fikirdə, dildə və əməldə bir olmaq zamanıdır. Xüsusilə türk dövlətləri Azərbaycandan nümunə götürərək birlik nümayiş etdirməlidirlər. Hesab edirəm ki, zəlzələdən zərər görən hər şəhəri bir türk dövləti öz üzərinə götürərək bərpasında yaxından iştirak etməlidir. Hər şəhərin binalarını bir ölkə öz üzərinə götürüb yenidən tikərsə, bu həm Türkiyəyə böyük dəstək olar, həm də tarixdə qalan bir əməl olar. Bu bir qardaşlıq nümunəsi olar. Türk dünyasının qardaşlıq nümunəsi. Fikirdə birlik, dildə birlik, əməldə birlik. Bütün dünya bu birliyi görməlidir”.

 

Z.Məmmədov baş verən fəlakətin insanlara ötürdüyü mesajı da diqqətə çatdırıb:

“Bu hadisə insanlar üçün də bir həyat dərsi kimi qəbul olunmalıdır. Zəlzələdən sağ çıxanlar düşünməlidir ki, məsələn, dünən sahib olduğum sərvət indi haradadır? Yoxdur. Ona görə də insanlar sahib olduğu sərvəti, sevgini paylaşmağı bacarmalıdırlar. Çünki sabah gec olacaq”.

Cavidan Mirzəzadə / İqtisadiyyat.az