Təyyarə qəzasında həlak olan “Vaqner” xüsusi hərbi təşkilatının rəhbəri Yevgeni Priqojinin əmlak və varidatı açıqlanıb.

Bu barədə İqtisadiyyat.az “News.ru”ya istinadən xəbər verir.

Priqojinin əsas mülkü restoran fəaliyyəti və yemək çatdırılması ilə məşğul olan “Konkord menecment və konsaltinq” şirkətidir. Bundan əlavə, o, daşınmaz əmlakın alqı-satqı və kirayəsi ilə məşğul olan “Riteyl” kompaniyasına və videofilmlərin yayılması üzrə ixtisaslaşan “Aurum” korporasiyasına, eləcə də Soçi, Moskva və Sankt-Peterburqda restoranlara sahib olub.

Priqojin eyni zamanda, Sankt-Peterburqda Şimali Versal və Laxta Plaza komplekslərini inşa edərək tikinti biznesində iştirak edib. Suriyada karbohidrogen hasilatı ilə məşğul olan “Europolis” və Sudanda qızıl hasilatı üzrə məşğul olan "M Invest" şirkətləri də onun olub.

Priqojinin Mərkəzi Afrika Respublikasında, Sudanda və Suriyanın neft-qaz sektorunda avadanlıqların daşınması üzrə biznesi olmaqla yanaşı, şəxsi yaxtası, təyyarəsi, Qara dəniz sahilində malikanəsi və böyük nəqliyyat parkı var.

Əlavə edək ki, "Vaqner" hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinə məxsus özəl təyyarə Tver vilayətində qəzaya uğrayıb. Hadisə nəticəsində Yevgeni Priqojin, onun müavini Dmitriy Utkin və digər 8 nəfər həyatını itirib.

 

Gözəl Həşimova