Logo

Prezident Rize-Artvin Hava Limanının açılışında


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə mayın 14-də qardaş ölkəyə işgüzar səfərə gəlib.

Dövlət başçıları Rize-Artvin Hava Limanının açılış mərasimində iştirak ediblər.

Yeni hava limanına ilk dəfə göyərtələrində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Prezidenti İlham Əliyevin olduqları təyyarələr eniş etdi.

Hər iki ölkənin dövlət başçılarının təyyarələri nəhəng su tağının altından keçdi.

Rize-Artvin Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyevi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşıladı.

Dövlətimizin başçısı fəxri qarovul dəstəsini salamladı.

Qardaş ölkələrimizin prezidentləri açılış mərasiminin keçirildiyi məkana gəldilər.

Əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü oldu.

Görüşdə Azərbaycanla Türkiyə arasında ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirildi.

Söhbət zamanı siyasi əlaqələrin yüksək səviyyədə olduğu qeyd edildi. Bu baxımdan Şuşa Bəyannaməsinin önəmi xüsusi vurğulandı.

Prezident İlham Əliyev Rize-Artvin Hava Limanının açılışında iştirak etmək üçün dəvətə görə Rəcəb Tayyib Ərdoğana təşəkkür edərək, Türkiyədə digər sahələrdə olduğu kimi, nəqliyyat və infrastruktur sahəsində də genişmiqyaslı işlərin həyata keçirildiyini məmnunluqla qeyd etdi və yeni hava limanının açılışı münasibətilə təbriklərini çatdırdı.

Dövlət başçıları energetika, nəqliyyat, enerji təhlükəsizliyi ilə bağlı əməkdaşlıq məsələlərini, həmçinin bölgədəki vəziyyəti müzakirə etdilər.

Söhbət zamanı postmünaqişə dövrü, Azərbaycan ilə Ermənistan və Türkiyə ilə Ermənistan arasında əlaqələrin normallaşdırılması ilə bağlı fikir mübadiləsi aparıldı.

Dövlətimizin başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Azərbaycana səfərə dəvət etdi. Dəvət minnətdarlıqla qəbul olundu.

2022-05-14 19:48:00 435
Teqlər: