Azərbaycan Respublikasının Prezident İlham Əliyev sentyabrın 21-də Laçın rayonuna səfər edib.

Dövlət başçısı Kəlbəcər-Laçın avtomobil yolunun 35-ci kilometrliyində 2400 metr uzunluğunda olan Laçın Beynəlxalq Hava Limanına giriş tunelinin inşası ilə tanış olub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlət başçısına yeni inşa olunan tunel barədə məlumat verib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan mühüm əhəmiyyətə malik yol infrastrukturu layihələrindən biri də 76,3 kilometr uzunluğa malik Kəlbəcər-Laçın avtomobil yoludur. Hazırda Kəlbəcər-Laçın avtomobil yolunun və yol üzərində tunellərin inşası davam edir.

Məlumat verilib ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yolun müəyyən hissələrində qazma-dolğu işləri icra olunur, yeni torpaq yatağı inşa edilir. Bundan başqa, düzbucaqlı və dairəvi suötürücü boruların, həmçinin su kanallarının tikintisi, drenaj işləri və daş divarın inşası aparılır. Yol boyu tikintisi nəzərdə tutulmuş 12 avtomobil tunelindən 5-nin (T1, T2, T5, T6 və T7 tunelləri) tikintisi işləri uğurla davam etdirilir.